““Genişzolaqlı internetin inkişafı” layihəsinə çəkilən xərc israf sayıla bilməz”

Osman Gündüz: “Bizdə kəndlər, regionlar tamam telefon xəttinin üstündə oturub”

Source:


Osman Gündüz: “Bizdə kəndlər, regionlar tamam telefon xəttinin üstündə oturub”

Neft Fondu ötən il büdcəsindən “Genişzolaqlı internetin inkişafı” layihəsinə 100 milyon manat ayrısa da vəsait xərclənmədi. 2013-cü ilin büdcəsində də bu məqsədlə 103,5 milyon manat nəzərdə tutulub. Ancaq o da xərclənmədən büdcəyə qaytarılıb. .

Hökumətin rəsmi mövqeyinə görə, layihə kommersiya yönümlü olduğu üçün alternativ mənbələrdən maliyyələşəcək.

İqtisadçı Rövşən Ağayev qeyd edir ki, yanaşmalardan heç biri doğru deyil: “Mətbuatın yanaşması o baxımdan səhvdi ki, Dövlət Neft Fondunun büdcəsindən 2002-2004-cü illərdə 61.8 milyard manat xərclənib. 100 milyon bu vəsaitin heç 0.2 faizi qədər deyil. Əgər bu vəsaitlə ölkənin keyfiyyətli internetə çıxış imkanları əhəmiyyətli dərəcədə yaxşılaçaqsa, belə layihəyə çəkilən xərc israf sayıla bilməz. Bu məntiqlə milyardlara başa gələn infrastruktur layihələri, xüsusilə də keyfiyyətsiz çəkilən bütün yol layihələri bəri başdan israfçı layihələr elan olunmalıdı”.

İTK texnologiyaları üzrə ekspert Osman Gündüzün fikrincə, layihə ilə bağlı geniş müzakirələr olub: “Geniş müzakirələr açılmışdı, layihə tam aydınlaşmışdı. Xaricdən bir şirkət də dəvət olunmuşdu. Booz Co Consalting müsbət rəy vermişdi. Ötən il 105 milyon manat vəsait təsdiq olunmuşdu. Ancaq hansısa səbəblərdən reallaşmadı. Builki büdcədə isə vəsait nəzərdə tutulmayıb. Belə nəticəyə gəlmək olar ki, hökumət bunu büdcə vəsaiti hesabına maliyyələşdirməkdən imtina edib”.

İqtisadçı R.Ağayev hökumətin məsələyə bu cür yanaşmasını doğru hesab eləmir: “Bütün infrastruktur layihələri kimi internetin inkişafı da sırf kommersiya layihəsi deyil, amma birbaşa biznesin inkişafına xidmət edən layihədi: “Bu cür yanaşılsa, ona Neft Fondunun hesabına qurulan Bakı-Qars layihəsini də, lap elə ayrı-ayrı özəl şirkətlərin qazanc götürdüyü Bakı-Ceyhan neft kəmərinin tikintisi layihəsi də kommersiya layihələridi”.

R.Ağayevin fikrincə, yüksək texnologiyaların inkişafını 1 nömrəli prioritetləri sırasına çıxaran ölkə üçün keyfiyyətli internet infrastrukturunun qurulmasının özü elə 1 nömrəli prioritet olmalıdı.

“Hökumət təhsilin, biznesin, elektron hökumətin inkişafını – hər birini ayrı-ayrılıqda – 1 nömrəli prioritetləri sırasına daxil edib. Müasir dünyada keyfiyyətli təhsil də, bürokratiyadan uzaq biznes də məhz keyfiyyətli internetə ehtiyac duyur- avtomobil yanacağa ehtiyac duyduğu qədər. Xüsusilə də regionlarda biznesin elektron vergi sistemindən bəhrələnməsi, vətəndaşların elektron xidmətlərdən yararlanması, yerli hökumətlərin elektron imkanlarının genişləndirilməsi bilavasitə keyfiyyətli internetdən asılıdı. Bu layihədən imtina eləmək dolayısı ilə yuxarıdakı prioritetlərin hamısından imtina etməyə bərabərdi” – vurğulayıb Rövşən Ağayev.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azərbaycanda internetin köhnə telefon xəttinin üstündə qurulduğunu deyir: “Siz Baltikyanı ölkələrə baxsanız, ya da Avropa dövlətlərinə, görərsiniz ki, orda internet tamam ayrı infrastrukturun üstündədi. Bizdə kəndlər, regionlar tamam telefon xəttinin üstündə oturub – ADSL internet xəttinin. Normalda alternativlər olmalıdı –  kabel televiziyasının üstündən, eləcə də ayrıca xəttin üzərindən, fiber-optik xəttin üstündən internet almaq olar. ADSL-də həm infrastruktur köhnədir, həm də ordan  məhdud internet almaq olur. Layihədə nəzərdə tutulan texnologiya isə yeni bir fiber-optik xəttin çəkilməsini nəzərdə tuturdu. Bunun telefon xəttinə aidiyyatı yoxdu, hər bir evə, dağ kəndlərinə, idarəyə genişzolaqlı internetə çatımlılıq olacaqdı. İkincisi, hər yerdə wi-fi imkanı olacaqdı. Bu da internetə çatımlılığı hədsiz dərəcədə yüksəldəcəkdi. İnternet olan yerdə də artıq elektron ticarət var, elektron təhsil var, innovasiya var, hər bir şey var. Dolayısı ilə bu layihə bütün sahələrə ciddi bir təkan verəcəkdi”.

“Ancaq AzTelekom artıq dövlət büdcəsindən pul almağın mümkün olmadığını gördükdən sonra xarici bankların birindən kredit götürüb. Artıq kredit alınıb və regionlarda həmin layihənin icrasına başlanılıb. Düşünürəm ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə və digər qurumlara bu sahədə tapşırıqlar verməlidir ki, layihə batmasın” – deyir Osman Gündüz.

Rövşən Ağayevə görə, internet vasitəsilə virtual aləmin imkanlarından yararlana bilməyən müəllimə nə versələr də, kənd yerlərində işləməyə maraq göstərməyəcək: “Yeri gəlmişkən, Dünya Bankının açıqladığı ən son statistikaya görə, əhalinin 100 nəfəri hesabı ilə genişzolaqlı internet abunəçilərinin sayı 17-dir. Amma inkişaf etmiş ölkələrdə 34-40 intervalında dəyişir. Yəni hazırkı səviyyəni 2 dəfə artırmağa ehtiyac var. Hələ onu demirəm ki, orta göstərici iri şəhərlərin hesabına yüksəkdir. Əhalinin yarısının yaşadığı kəndlərdə isə real vəziyyət bundan əhəmiyyətli dərəcədə pisdi. Məsələn, nümunə olaraq deyə bilərəm ki, mənim doğulduğum və Bakıdan cəmi 250 km uzaqda yerləşən kənddə 400-dən artıq ailədə ən yaxşı halda 5-6 nəfərin internetə çıxışı var” – deyə, iqtisadçı sosial şəbəkədəki paylaşımında qeyd edib.

Ana səhifəXəbərlər““Genişzolaqlı internetin inkişafı” layihəsinə çəkilən xərc israf sayıla bilməz”