Generalın uşaqlarının qaçırılmasına görə qaynı məhkəmə önünə çıxarılıb

Emin Şəkinski

Emin Şəkinski

Fərid Yusub: "O pul Emin Şəkinskinin olmayıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun məhkəməsi başlayıb. O, E.Şəkinskinin dörd övladının Azərbaycandan saxta sənədlərlə çıxarılmasında və generalın evindən 60 min manat oğurluqda ittiham olunur.

E.Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Fərid Yusubun bacısıdır. Onlar 1998-ci ildə ailə qurub, 2008-ci ildə rəsmi şəkildə boşanıblar. Onların birgə nikahdan dörd qız övladı dünyaya gəlib. G.Şəkinskaya 2014-cü ilin aprel ayında uşaqlarını da götürərək, Azərbaycandan gedib və Avropa ölkələrinin birində sığınacaq alıb.
F.Yusub Cinayət Məcəlləsinin 177 (oğurluq), 320 (saxta sənədlərdən istifadə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittiham olunur.
Yanvarın 11-də hakim Cavid Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən F.Yusub bildirib ki, ittihamlar əsassızdır. Onun sözlərinə görə, bacısının ölkəni necə tərk etməsi, uşaqlar üçün başqa şəxslərin övladlarının adına sənəd düzəldilməsi və s. məsələlərdən xəbəri olmayıb. Çünki hələ 2008-ci ildə ali təhsilini yarımçıq qoyub Rusiyaya işləməyə gedib və ölkəyə qayıtmayıb. Yalnız bu hadisədən sonra axtarışa verilib və tutularaq, Azərbaycana ekstradisiya olunub.

2014-cü ildə bacısı Azərbaycanı tərk edib Gürcüstana gedəndən sonra ona zəng edərək, yanına çağırıb. O da Belarusdan Gürcüstana bacısının yanına gedib, onunla görüşüb və geri qayıdıb. F.Yusub bildirib ki, bacısı ona ölkəni necə tərk etmələri barədə heç bir məlumat verməyib.
Oğurluq ittihamına gəlincə, F.Yusub deyib ki, bu da yalandır. Həm də həmin pul Emin Şəkinskiyə məxsus olmayıb. O evdə bacısı öz uşaqlarıyla yaşayıb.
Daha sonra məhkəmədə Binəqədi Rayon Polis İdarəsinin sabiq əməkdaşı Namiq Camalov şahid qismində dindirilib. O bildirib ki, bu cinayət işilə əlaqədar 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Ali Məhkəmə qərarı ləğv edib, işi yenidən apelyasiya məhkəməsinə qaytarıb. Bakı Apelyasiya Məhkəməsi ikinci dəfə işə baxanda oğurluq ittihamına xitam verib. Saxta sənəd hazırlama və sərhədi qanunsuz keçmə ittihamıyla 3 il 6 ay azadlıqdan məhrum edilib. O, 2017-ci ildə həbsdən buraxılıb.
Şahid bildirib ki, F.Yusubu tanımır. G.Şəkinskayanı öz maşını ilə aparıb-gətirsə də, onun və uşaqlarının ölkədən çıxmasında rolu olmayıb: "Niyə həbs olunduğum indi də mənə qaranlıqdı".
E.Şəkinskinin övladlarının ölkədən çıxarılmasıyla əlaqədar 2015-ci ildə 11 nəfər məhkum edilib. "Azərbaycan Miqrasiya Xidməti"nin rəhbəri, Almaniyada siyasi sığınacaq almış Əlövsət Əliyev də bu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində İnterpol xəttilə axtarışa verilib.
E.Şəkinski bundan əvvəl DİN-in Baş Cinayət-Axtarış İdarəsinin rəisi olub. O da istintaq vaxtı zərərçəkmiş qismində dindirilib, lakin məhkəməyə gəlməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/21mksl

Ən çox baxılan