Generalın evindən oğurluq etməkdə təqsirləndirilən qadına bəraət verildi

Sədaqət Məmmədova Nəsimi Rayon Polis İdarəsində işgəncə verildiyini deyib

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi


Sədaqət Məmmədova Nəsimi Rayon Polis İdarəsində işgəncə verildiyini deyib

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin (DGK-nın) “Azərterminalkompleks” Birliyinin direktoru, general-mayor Qambay Əliyevin evindən 160 min manat dəyərində bir çemodan qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirləndirilən Sədaqət Məmmədovanın məhkəmə iclası davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrlik etdiyi iclasda S.Məmmədovanın vəkili İlyas Kərimov çıxış edib. O, bəraət hökmünün çıxarılmasını istəyib. Deyib ki, onun təqsiri sübuta yetirlməyib, ittiham süni sübutlara əsaslanıb. Təqsirləndirilən şəxsə polislər zorakılıq ediblər.

Daha sonra hökm elan edilib. Hökmə görə, S. Məmmədovaya ittiham olunduğu 177.3.2-ci maddə üzrə bəraət verilib, 326-cı maddə üzrə isə müddət keçdiyindən cəza təyin edilməyib.

S. Məmmədova həmin evdə xadimə işləyib. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) və 326-cı (sənədləri məhv etmə) maddəsilə ittiham edilib. Sədaqət Məmmədova ittihamı qəbul etmir. O, məhkəmədə deyib ki, oğurluğu generalın kürəkəni törədib və qızı da ərinə kömək edib.

Kürdəmir sakini olan Sədaqət Məmmədova bu hadisəyə görə 4 ay həbsdə saxlansa da, ardından ev dustaqlığına buraxılıb.

Oğurluğun baş verdiyi ev generalın anası Böyükxanım Əkbərovanın adına olub. Sədaqət Məmmədova o evdə xidmətçi olmaqla yanaşı, gecələr Böyükxanım Əkbərovaya da baxıb. Oğurluq onun adına olan mənzildə baş verdiyindən, Böyükxanın Əkbərova cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb. Amma o, bir neçə ay əvvəl dünyasını dəyişib.

Sədaqət Məmmədova məhkəmədə ifadəsində deyib ki, qızılları və pulu generalın qızı və kürəkəninin apardığına əmindir. O, öz söylədiklərini belə əsaslandırır:

“Hadisə olan gün səhər Sevinc (generalın qızı – red.) mənə zəng edib dedi ki, “bu gün gəlmə, nənəmin yanında mən qalacağam”. Ertəsi gün zəng eləyib, məni çağırdılar. Gedəndə gördüm ki, evdə polislər var. Dedilər ki, oğurluq olub. Evdə kameralar var, onlara baxmaq istəyəndə, məlum oldu ki, işləmirmiş. Sevincin, Raminin bu işdə əli yox idisə, niyə həmin gün məni gəlməyə qoymayıb, arvadın yanında özləri qaldılar? Sonra da, guya, çamadana sırğasını qoymaq istərkən, görüb ki, yerində yoxdur. O hadisədən təxminən bir həftə əvvəl Ramin yeni işə girməyə evdən 200 min pul istəmişdi, verməmişdilər”.

Sədaqət Məmmədovanın sözlərinə görə, kürəkən Ramin Qədimovu əsəbiləşdirən daha bir hadisə ondan gizli mənzil alınması olub:

“Evdə təmir gedirdi. Həmin vaxt Ramin həyat yoldaşı Sevincin adına 300 min manatlıq evin sənədlərini tapdı. Hirsləndi. Bir müddət sonra həmin sənədləri götürüb mənə verdi. Bir dənə də yazılı kağız verdi ki, orada yazılanları öz xəttimlə başqa bir vərəqə köçürüm, sonra da onu kimsə gətirib evə versin. Buna görə mənə “hörmət” eləyəcəyini də dedi”.

“Gilan Holdinq”ə daxil çörək zavodunun kommersiya direktoru olan Ramin Qədimov da məhkəmədə şahid qismində dindirilib. O, oğurluqda əli olması barədə deyilənləri rədd edib. Deyib ki, oğlu ilə gəzintidən qayıdıb, evdən yoldaşını götürmək istərkən, mənzildə polisləri görüb. Oğurluqdan da həmin vaxt xəbər tutub. Sədaqət Məmmədovanı evdə işləyən qulluqçulardan biri kimi tanıdığını deyən Ramin Qədimov onunla heç bir əlaqəsi olmadığını deyib.

Sədaqət Məmmədova ifadəsində bunu da söyləyib ki, oğurluğu boynuna götürməsi Nəsimi Rayon Polis İdarəsində ona işgəncə verilməsindən qaynaqlanıb. Dediyinə görə, bu işdə generalın özünün və qızı ilə kürəkəninin adını hallandırmaması üçün ona işgəncə veriblər. Ev qulluqçusunun sözlərinə görə, həbsxanada olarkən, Sevinc Əliyeva da gəlib, 150 min təklif edib ki, onun həyat yoldaşının adını çəkməsin.

Ana səhifəXəbərlərGeneralın evindən oğurluq etməkdə təqsirləndirilən qadına bəraət verildi