General və məhkəmə sədrinin qohumları həbsdə koronavirusa yoluxub

Penitensiar Xidmətin əməkdaşı məhkəməyə məlumat verib ki, hər iki təqsirləndirilən şəxs həbsdə koronavirusa yoluxub, bu səbəbdən müalicə müəssisəsinə köçürülüblər.

Bakı Baş Gömrük İdarəsi. Foto: Meydan TV


Məhkəmə təqsirləndirilən şəxslərin heç birini ev dustaqlığına buraxmayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin mayında Bakı Baş Gömrük İdarəsində keçirilmiş əməliyyat nəticəsində həbs olunan 8 nəfərin – Elmar Mirzəyev, Sadiq İsgəndərov, Rəfail Əzizov, Azər Baxşıyev, Emin Xəlilov, Orxan Zöhrabov, Mirağa Ağayev və Ceyhun Şabanovun məhkəməsi başlayıb.

Hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların elan olunması mərhələsidir. Son iki iclasda prokuror ittiham aktını elan edib. Oktyabrın 4-də də bu proses davam etdirilməli idi. Lakin məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərdən ikisi – Emin Xəlilov və Orxan Zöhrabov gətirilməyib.

Penitensiar Xidmətin əməkdaşı məhkəməyə məlumat verib ki, hər iki təqsirləndirilən şəxs həbsdə koronavirusa yoluxub, bu səbəbdən müalicə müəssisəsinə köçürülüblər.

Orxan Zöhrabovun vəkili onun səhhətindəki problemləri nəzərə alıb, onun hökm çıxarılana qədər həbsdən buraxılması barədə vəsatət qaldırıb: “Azadlığa buraxılsa, daha yaxşı müalicə oluna bilər, məhkəməyə də normal şəkildə gedib-gələr”.

Emin Xəlilovun vəkili də onun səhhətilə yanaşı, onun ali təhsilli hüquqşünas, ziyalı olmasını nəzərə almağı xahiş edib: “Onun vəziyyəti ağırdır…”

Digər təqsirləndirilən şəxslərin vəkilləri də hüquqlarını müdafiə etdikləri şəxslər haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsini, onların da ev dustaqlığına buraxılmasını istəyiblər. Bu barədə vəsatət qaldıran vəkillər məhkəmənin bərabərlik prinsipinə əməl etməsini xahiş ediblər. Onlar bildiriblər ki, müvəkkilləri indiyədək yoluxmasa da, bundan sonra xəstəliyə tutulmaq ehtimalı az deyil. Müdafiəçilər keçmiş icra başçısı və sabiq deputatın həbsdə koronavirusdan öldüyünü xatırladıblar.

Prokuror təqsirləndirilən şəxslərin həbsdən buraxılmasına etiraz edib.

Məhkəmə də vəsatətləri təmin etməyib. Həbsdəki gömrükçülərin heç biri ev dustaqlığına buraxılmayıb.

COVİD-19 infeksiyasına yoluxmuş təqsirləndirilən şəxslərdən Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkəni, Emin Xəlilov isə Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, general-mayor Təmkin Xəlilovun qohumudur.

Bu işdə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham irəli sürülüb.

Ana səhifəSosialGeneral və məhkəmə sədrinin qohumları həbsdə koronavirusa yoluxub