“Hücumlar bir çox ölkələrdən olsa da, əsasən Ukrayna və Türkiyə İP-lərindən gələn hücumlar daha güclüdür”
Aznews.az saytına güclü haker hücumu olub. Bu barədə Meydan TV-yə saytın baş redaktoru Elçin Zahiroğlu məlumat verib. Baş redaktor haker hücumlarının hansı yazı ilə bağlı olduğunu deməyə çətinlik çəksə də, son iki gündə saytda “Generalın oğlu anamı söydü, ölümlə hədələdi” başlıqlı yazının doğurduğu ajiotajın olduğunu güman edir.
E.Zahiroğlu dedi ki, hücumlar bir çox ölkələrdən olsa da, əsasən Ukrayna və Türkiyə İP-lərindən gələn hücumlar daha güclüdür: “Əvvəllər də hücumlar olurdu, amma bu dəfəki dəhşətli bir şeydir. Mütəxəssisərin bildirdiyinə görə hücum güclü olduğundan saytı bərpa etmək mümkün deyil:
“Saytın bazasının məhv olmaq təhlükəsi olsa da, mütəxəssislər onu saxlayacaqlarını dedilər”.
Adıçəkilən məqalə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıqovun kiçik oğlu Məmməd Sadıqovun yol polisi Cavanşir Lətif oğlu Qasımova qarşı təhqiramiz münasibəti ilə bağlıydı. Yol polisi Cavanşir Qasımov Məmməd Sadıqovu qanuna riayət etməyə çağırsa da, ikinci onu təhqir edib və hədələyib.
Səhəri gün isə Cavanşir Qasımova işdən azad olunduğu bildirilib.