General mayorun həbsini tələb edir

Foto: Meydan.TV

Hərbçilər arasında çəkişməyə səbəb “Facebook” paylaşımıdır

Müdafiə Nazirliyinin generalı Hilal Nəcəfov ehtiyatda olan mayor Mansur Məmmədovun həbsini tələb edir. General bu məqsədlə məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb. Hilal Nəcəfov Mansur Məmmədovun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

Generalın mayora qarşı iddia ərizəsi öncə Binəqədi Rayon Məhkəməsinə təqdim olunub. Lakin bu məhkəmədə icraata götürülməyib və aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində göndərilib.

Hərbçilər arasında məhkəmə çəkişməsinə səbəb isə Mansur Məmmədovun “Facebook” hesabında yazdığı fikirlərdir. Hilal Nəcəfov iddia edir ki, Mansur Məmmədov paylaşdığı yazısında ona böhtan atıb, təhqir edib, nüfuzuna zərbə vurub.

İddia olunur ki, Mansur Məmmədov generalı dövlətə xəyanət etməkdə günahlandırıb, “qatil” adlandırıb, ünvanına “telepuzik” ifadəsini işlətməklə onu təhqir edib.

Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində 3 ilə qədər alternativ cəzalarla yanaşı, həm də 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəXəbərlərGeneral mayorun həbsini tələb edir