Hakimlər vəsatətlərin heç birini təmin etməyib
Bakı Ağır Cinayətlər Məhkəməsində ölkəyə qaçaqmal yoluyla dərmanların gətirilməsi, qeydiyyatdan keçirilmədən apteklərdə satılmasına görə cinayət məsuliyyətinə cəlb olunan səkkiz nəfərin məhkəməsi başlayıb. Onların arasında Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin sabiq rəisi, general-mayor Fikrət Qədiməliyev də var. Digər təqsirləndirilən şəxslər isə Atəş Atanur, Cəmil Mehdiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlidir.
Fevralın 14-də hakim Zeynal Ağayevin sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Bundan əvvəlki hazırlıq iclaslarında 8 nəfərdən həbsdə olan altı nəfər təqsirləndirilən şəxsin vəkilləri onların barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onların ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar. General isə həbsdə deyil. Təqsirləndirilən Fərman Məmmədli və onun vəkilləri bunu ayrı-seçkilik kimi qiymətləndirib. Onlar Fikrət Qədiməliyevin də həbs olunması barədə vəsatət qaldırıblar.
Vəkillər bu iş üzrə istintaqın obyektiv, hərtərəfli aparılmadığını bildirərək, işin yenidən araşdırılması üçün prokurorluğa qaytarılmasını da istəyiblər.
Türkiyə vətəndaşı, təqsirləndirilən Atəş Atanurun vəkili Ülkər Yusifova bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində qaçaqmalçılıq cinayətinin tərkibi yoxdur. Vəkilin sözlərinə görə, Atəş Atanur bir dəfə də olsun, Türkiyəyə dərman gətirmək üçün getməyib.
“Mən vəzifəli şəxs olmamışam, necə ola bilər ki, mənə vəzifəli şəxs kimi ittiham verilsin?”, – deyə Atəş Atanur bildirib.
Hakimlər vəsatətlərin heç birini təmin etməyib. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmə iclası fevralın 25-nə təyin olunub.
Bu cinayət işi ilə əlaqədar Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi birgə məlumat yaymışdı. Məlumatda deyilirdi ki, birgə əməliyyat zamanı dərman qaçaqmalçılığı və qanunsuz dərman dövriyyəsilə məşğul olan dəstə üzə çıxarılıb. Hava limanındakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılan dərman vasitələri təqsirləndirilən şəxslərdən birinin evinə daşınır, daha sonra qeydiyyatdan keçmədən apteklərdə satılıb. Əməliyyat tədbirləri çərçivəsində Nəsimi, Nərimanov, Yasamal rayonlarındakı bir sıra apteklərə baxış keçirilib, orada qeydiyyatsız dərmanlar aşkarlanaraq, götürülüb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 200-1 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206 (qaçaqmalçılıq) və 314-cü (səhlənkarlıq) maddələri ilə ittiham irəli sürülüb.