“İnsanların şəxsi həyatına müdaxilə cinayət məsuliyyəti daşıyır”
Bir neçə gündür ki, online media kimi fəaliyyət göstərən “veteninfo.az”, “regioninfo.az” saytları “Medianın Etik Kodeksi”nə, “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun müvafiq maddələrinə məhəl qoymadan ictimai fəal Kəmalə Bənənyarlının olduğu güman edilən gizli görüntüləri yayımlamaqla məşğuldur.
Gender Media Monitorinq Qrupunun bu barədə yaydığı bəyanatda deyilir ki, KİV-də insanların şəxsi və ailə sirlərinin jurnalist etik hüdudlarından kənara çıxılmasından narahatlığını bildirərək, bəyan edir ki, sözügedən saytlar həm də ciddi qanun pozuntusuna yol verməklə cinayət məsuliyyəti yaradırlar.
Gender Media Monitorinq Qrupu 2009-cu ildə Konstitusiyaya edilən dəyişiklikləri xatırladaraq bildirir ki, 32-ci maddə ilə şəxsin razılığı olmadan gizli çəkiliş qadağan olunub. O cümlədən, “KİV haqqında” Qanunun 10-cu maddəsində də deyilir ki, KİV-dən sui-istifadə yolverilməzdir, o cümlədən pornoqrafiya materiallarının KİV-də yayılması qadağandır. Qanunun 59-cu maddəsi də məsuliyyət müəyyən edir. Buna görə cinayət məsuliyyəti, mülki məsuliyyət, digər hüquqi məsuliyyət növləri var. Həmçinin Cinayət Məcəlləsinin 242-ci maddəsində bu cür görüntüləri qanunsuz yaymaq birbaşa cinayət əməli kimi qeyd olunub və cinayət məsuliyyəti yaradır. Şəxsin özəl həyatına müdaxilə isə 156-cı maddəyə görə cinayət məsuliyyəti daşıyır. Əgər əməliyyat-axtarış tədbiri deyilsə, şəxsin bir başqası ilə olan görüntüsünü yaymaq ciddi şəkildə qanun pozuntusudur.
Gender Media Monitorinq Qrupu bəyan edir ki, Cinayət Məcəlləsinin həm 156, həm də 242-ci maddəsinə görə bu saytlara məsul olan şəxslər cinayət məsuliyyəti daşıyır.
“Bir qadının, ananın yasaq görüntülərini yaymaq yalnız onun deyil, həm də ailəsinin hüquqlarını pozmaq, mənəvi zərbə altında qoymaqdır. Bu, qadına qarşı diskriminasiyadır, əxlaq normalarına zidd addımdır. Qadının ictimai mövqeyindən, cəmiyyətdə tutduğu yerindən asılı olmayaraq bu yolverilməzdir” deyə bəyanatda bildirilir.