Dursun Səfəroba nəvələriylə

Mənbə: meydan tv

Başlıq: Dursun Səfəroba nəvələriylə

''Gəncliyim bu yataqxanada çürüyüb, indi uşaqlarım buna məhkumdur''

Kürdəmir sakinləri yaşayış şəraitinin yaxşılaşdırılmasını istəyirlər

"Ötən gün evə siçovul girmişdi. Bir az da gec görsəydim, uşağın barmağını üzəcəkdi. Bir baxın, görün, bura 2 körpə ilə yaşanası yerdirmi? Uşaqlara görə evi dərmanlaya da bilmirik. Deyirik, birdən zəhərlənərlər. Mənim uşaqlığım, gəncliyim burada çürüyüb, indi də uşaqlarım burada yaşamağa məhkumdur".

27 yaşlı Kürdəmir sakini Sevda Zeynalova belə deyir. O, Kürdəmir şəhərindəki yataqxanalardan birində yaşayır. Deyir, bura köçəndə 11 yaşı olub. Uşaqlığı burada keçib, sonra el adəti ilə toyu olub, elə buradan gəlin köçüb. İndi isə həyat yoldaşından ayrılıb. 4 yaşlı qızı və 2 aylıq oğlu ilə anasının yaşadığı yataqxanaya geri dönüb:

ailənin yaşadığı ev

ailənin yaşadığı ev

Mənbə: Foto: Meydan.TV

"Canım heç cür buradan qurtarmır. Ev deyil, xarabadır, hər yeri uçub-dağılır. Tavanı damır, rütubətdir. Ancaq tək dərd bu da deyil. Heç yerdən bir qara qəpik gəlirimiz yoxdur. Məcbur uşaqları anamın yanına qoyub, idarələrin döşəməsini yumağa gedirəm. Özü də işim şəhərdən xeyli kənardadır. Səhər gedib, axşam dönürəm. 2 körpəm də qalır şəkər və təzyiq xəstəsi olan yaşlı anamın öhdəsində".

Sevda Zeynalovanın anası, 61 yaşlı Dursun Səfərova da yaşayışından gileylidir. Deyir, yüksək şəkərdən əziyyət çəkir. Daha gözləri yaxşı görmür. Odur ki, iş qabiliyyətini itirib:

dəhliz

dəhliz

Mənbə: meydan.tv

"Yenə əvvəl kafelərdə qab yuyub, 3-5 manatımı qazanırdım. İndi həm səhhətim imkan vermir, həm də evdə oturub nəvələrimə baxmaq məcburiyyətindəyəm. Bircə qızım işləyir. O da, ayda gəliri 200-250 manat olur. Onun da elə 50-60 manatı yolpuludur. Körpə 2 uşaq, bir də xəstə ana var öhdəsində. Yazıq qız, əməliyyatla uşaq dünyaya gətirəndən 1 həftə sonra işə çıxmaq məcburiyyətində qalıb".

D.Səfərova deyir ki, hökumət pensiya yaşını artırmasaydı, bu gün onun yaşı pensiyaya düşəcək və heç olmasa özünün dərmanlarını, iynələrini təmin edə biləcəkdi:

Dursun Səfərova

Dursun Səfərova

Mənbə: meydan.tv

"Dərd bir deyil, iki deyil. Hər tərəfdən əlimiz-qolumuz bağlanıb. Atılan addımlar elə bil əhalini qırmaq üçündür. 8 ildir şəkər xəstəliyindən əziyyət çəkirəm. Yüksək təzyiq də öz yerində. Daha işləyə də bilmirəm. Oturmuşam evdə zülmlə, zillətlə qızımın uşaqlarına baxıram. İnanın, sonuncu bayramda bizim pulumuz olmadı ki, Allahın düyüsünü alıb süzək. Eləcə pomidor- yumurta ilə yola verdik. Hələ onu tapdığımıza sevinirdik. Qızım işləməsə, biz batarıq".

mətbəx

mətbəx

Mənbə: meydan.tv

2017-ci ildə Azərbaycan qanunvericiliyinə edilən dəyişikliklə pensiyaya çıxmaq həddi 65 yaş müəyyən edildi. Bu yaş həddi əvvəllər qadınlarda 60, kişilərdə isə 63 idi. Lakin bu müddət mərhələli şəkildə uzadılır. Pensiyaya çıxmaq yaşı kişilərdə 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınlarda isə 2017-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.

Dursun Səfərova deyir ki, qızının aldığı əmək haqqı ilə 2 uşağa baxmaq və ev dolandırmaq çətindir. Odur ki, uşaqlar yaxşı yemədiklərindən, baxımsızlıqdan yaşlarını göstərmirlər:

ev

ev

Mənbə: meydan.tv

"Baxın, heç 3 ayına keçmiş uşağa oxşayır? Çox balacadı, yeməzlikdən, baxımsızlıqdan. Qızım gününə 8 manat alır. Onunla mənə dərman alsın, uşağa yemək, bez çatdırsın, yoxsa kommunalları ödəsin? Bir normal qohum-əqrəbamız da yoxdur ki, bizə sahib çıxa. İkinci qızım da ərdədir, Bakıda yaşayır. Vallah, onlar da imkansızlıqdan kirayələrdə sürünürlər. Nə biz onlara əl ata bilirik, nə də onlar bizə".

Ailə 20 ildir yataqxanada yaşayır. Dövlətin 1970-ci illərdə tikdirdiyi bu yataqxanalarda vaxtilə Kürdəmirə pambıq yığımına gələn tələbələr qalıb. Sonradan icra hakimiyyəti bu yataqxana otaqlarını imkansızlara, kimsəsizlərə yaşamaq üçün verib. D.Səfərova deyir ki, bina istismar müddətini çoxdan tamamlayıb. Uçub, tökülür, tavanı damır, döşəməsi çürüyüb. Ancaq onların burada yaşamaqdan başqa çarələri yoxdur:

ev

ev

Mənbə: meydan.tv

"Ev almaq bizim üçün xəyaldır. Qaldı, kirayə çıxmaq, təmir etməyə də gücümüz çatmır. Hər şey bir yana, acından ölürük, inanın. Dəfələrlə sosiala müraciət etmişik ki, bizə yardım versinlər. Ona da deyirlər ki, gözünüzü yığın, sizə yardım-filan düşmür. Biz yeməyə çörək tapmırıq. Bizə niyə yardım düşməməlidir, anlamıram. Sonda məcbur oldum, getdim bankdan 500 manat kredit götürdüm. Evə yaxşıca bazarlıq etdim, uşağa çoxlu bez, yemək alıb yığdım. İndi də həmin kreditin aylığını ödəyə bilmirik. Arada gülməyim də gəlir, vallah nə etməliydim, acından öləsi deyildik ki... Camaat kredit götürüb iş aşırır, biz bazarlıq edirik".

Ailə dəfələrlə işlə təmin edilmə, yaşayış yerinin vəziyyətinin yaxşılışdırılması istəyi ilə Kürdəmir Rayon İcra Hakimiyyətinə müraciət edib. Dediklərinə görə, heç bir cavab ala bilməyiblər.

ev

ev

Mənbə: meydan.tv

Kürdəmir Rayon İcra Hakimiyyətindən Meydan TV-yə deyilib ki, hazırda şəraitsiz mənzildə yaşayan yüzlərlə insan var. Ancaq onları evlə təmin etmək icra hakimiyyətinin işi deyil:

"Biz hamını evlə necə təmin edək? İcra hakimiyyətinin balansında ev yoxdur axı. İşə gəlincə, məşğulluq mərkəzinə müraciət etməlidirlər. Sosial yardım işinə də biz baxmırıq. Sosial Fond var, müraciət etsinlər, uyğun olsalar yardım alarlar".

həyət

həyət

Mənbə: meydan.tv

Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir Rayon Şöbəsindən isə bildirilib ki, ailə həqiqətən ağır şəraitdə yaşayırsa və yardıma ehtiyacları varsa, bu zaman elektron qaydada onlara müraciət etməlidirlər:

"Həmin müraciətə xüsusi komissiya baxır və rəy verir. Əgər ailə yardıma möhtacdırsa, bu, nəzərə alınır və onlara yardım ayrılır".

ev

ev

Mənbə: meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/o6oqmw

Ən çox baxılan