Gənclik aldanışlarımız

Oğlan dedi ki, özünü öldürmə, məni tapşırıblar…

Source:

Bu günlərdə yadıma nədənsə bir hadisə düşdü. O hadisə baş verəndə, həddən çox məyus olmuşdum buna görə. O vaxtlar Lider TV-də bir şou vardı. “Mərc şou”. Əbülfəz Elçibəy – Heydər Əliyev tandeminin siyasi şousundan sonra ilk maraqlı, ölkə səviyyəli şou idi. Murad Dadaşov aparırdı.

Yeniyetmə vaxtlarım idi. Bir dəfə necə olmuşdusa, kimsə mənə bilet vermişdi bu şouya. Mən də hər şeyə həvəsli bibioğlu ilə getmişdim şouda canlı iştirak etməyə. Şou əvvəlcə çəkilirdi, bir ay sonra isə efirə çıxırdı. Nə isə, uzun gözləyişlərdən, nəzarət və təlimatlardan sonra çəkiliş başladı.

Bir oğlan çıxdı dedi ki, ayağından asılaraq, başıaşağı halda bir litr “Fanta”nı içəcək. Oğlan deyəndə ki, Füzulidəndi, mən həmən ona inandım. Qaçqınçılıq çox ağır şeydir. Çətinlik çəkmişik, çox məhrumiyyətlər olub. Görməmişlik, ehtiyac hər cür istedad formasında təzahür edə bilər. O oğlan başıaşağı halda nəinki bir litr şirə içə, hətta bir qazan yemək yeyə, dişi ilə pendir dürməyi düzəldə də bilərdi.  Mən buna inanırdım.

Nə isə, mərc başlandı. Burda bir haşiyə çıxım. Nitşenin bir sözü var, deyir dəlilik tək-tək adamlarda nadirən rastlanan hadisədir, kütlələrdə, partiyalarda-flanda isə bu qanunuyğunluqdu. Murad coşdurdu, kim inanır, kim inanmır soruşdu, mən də əlimi qaldırdım ki, inandığıma mərc gəlim.

Özümüzə əl qatmışıq, hamı qışqırır, bərəlmiş gözlərlə baxır, ağzı sulananlar ağızların silir. Kameraya da bu lazımdı elə. Çəkir. Tamaşaçılar sırasından iki nəfər, bir inanan, bir inanmayan seçilib, mərc eləməliydi. Xeyli özümüzü cırandan sonra, bir nəfər inanmayan seçildi, bu vaxt yanımda oturan bir qaqaş görəndə ki, mən qəşş edib özümdən getmişəm, üz gözümü cırıram, gülə-gülə dedi ki, “qaqaş, bəsdi gözümü çıxartdın daha, məni seçəcək Murad, tapşırıblar, dincəl!”

Doğrudan da, bir az sonra aparıcı çağırdı onu, oğlan düşdü, getdi oynadı, hədiyyələr qazandı, gəldi. Danışdı ki, bu iş belədir, tanışlıqla-flan gəlirsən. Dəhşət içindəydim, belə bir şou keçirirlər, bütün xalq baxır, camaat gəlib iştirak edir və onun ən həyəcanlı yerində hamı aldadılır.

Çıxdım şoudan. Çox məyus idim. Bir daha o verilişə baxmadım. Saflığımızı, inamımızı belə belə şeylərdə itirdik. Böyüdük, ölkənin bizə heç bir şey verə bilməyəcəyinə belə belə əmin olduq. Ümidsizlədik, hamının tapşırılmağına əmin olduq.

Ana səhifəMənim FikrimcəGənclik aldanışlarımız