“Gənclərin Suriyaya göndərilməsində ən fəal rayon Tərtərdir”

İlham İsmayıl: “Xüsusi xidmət orqanları məhz radikal dindarlarla bağlı əməliyyat şəraitinə kifayət qədər nəzarət edirlər”

Source:


İlham İsmayıl: “Xüsusi xidmət orqanları məhz radikal dindarlarla bağlı əməliyyat şəraitinə kifayət qədər nəzarət edirlər”

Son iki həftədə MTN və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dini radikal qrupların ifşa olunduğu haqda məlumat yayırlar. Əvvəl Bakıda, sonra isə Tərtər rayonunda oxşar əməliyyatlar keçirildi.

Tərtər rayonunda keçirilən əməliyyat zamanı Böyük Quruluş Partiyasının yerli təşkilat sədri Zülfüqar İbrahimov və Ümid Partiyasının sabiq üzvü Vüqar Əliyev də həbs edilənlər arasındaydı. Hər iki şəxs həm də Qarabağ Azadlıq Təşkilatının üzvüdür. Adı çəkilən təşkilatlar Zülfüqar İbrahimovun və Vüqar Əliyevin təqsirsizliyi və ümumiyyətlə, dindən uzaq olduqları barədə bəyanat verdilər.

Nazirliyin məlumatında isə bildirilir ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Hazırda mütəşəkkil dəstənin cinayətkar əlaqələrinin ifşası, habelə, digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri davam etdirilir. O cümlədən, MTN-in bəyanatında ifşa olunan qrupun dövlət çevrilişinə hazırlıqla bağlı fikirlər yer alıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl baş verənləri Meydan TV-yə şərh edərkən bildirib ki, Tərtərdəki əməliyyat daha geniş olub və adları çəkilənlərdən əlavə də xeyli adamlar axtarılıb, amma bəziləri həbs edilib: “Söhbət ondadır ki, gənclərin Suriyaya göndərilməsində mərkəz Sumqayıtdırsa, yerlərdə ən fəal rayon Tərtərdir. Rayonda kimsə bu ad altında fəaliyyət göstəribsə və onun partiya üzvlüyü varsa, bu, onu məsuliyyətdən kənar etmir. Təbii ki, birbaşa onların həqiqətən də Suriyaya adam göndərdiklərini, yaxud maliyyə alıdıqları mənbənin olub-olmadığını demək olmaz. Bu mənada radikal qrupların partiyalara doluşduqlarını deməzdim”.

İlham İsmayıl bildirib ki, radikal islam mövzusu Bakı I Avropa Oyunları ərəfəsində daha da aktuallaşıb. Ona görə hər hansı terrora cəhddən sığortalanmaq üçün bir az aşırı olsa da, fəaliyyətdədirlər: “Bir daha deyirəm, son əməliyyatlar həm Avropa Oyunları ilə bağlı ola bilər, həm hüququn diliylə danışmaqdır, həm də profilaktikadır. Ki, yerdə qalanlar bu cür işlərin olacağını bilsinlər. Təəssüf ki, indiki prosesdə “qurunun oduna yaşlar da yanır”.  Müvafiq orqanlar filankəsin məscidə getdiyini bilir, ancaq onun radikallaşacağını, silahının olub-olmadığı bilinmir. Sadəcə, “kiminləsə məscidə gedir” məsələsi var. Yəqin ki, istintaq prosesində bəziləri azad olacaq”.

Ekspert hesab edir ki, xüsusi xidmət orqanları məhz radikal dindarlarla bağlı əməliyyat şəraitinə kifayət qədər nəzarət edirlər: “Dövlətin təhlükəsizliyi baxımından yeganə sahədir ki, yaxşı nəzarətdə saxlaya bilirlər”.

Onun sözlərinə görə, dini radikalizm Azərbaycanda yox, xarici ölkələrdə yaranıb: “Sadəcə, dalğası bizə çatıb. Hətta İŞID kimi böyük və radikal terror təşkilatı iri dövlətin hansısa formada himayəsində olur, ona şərait yaradılır, maraqlarına cavab verir, amma müəyyən həddə qədər. Ümumiyyətlə, bütün terror təşkilatları, terrorçular da yeri gələndə hansısa dövlətin marağına oynayıblar. Əks təqdirdə, onların böyüyüb inkişaf etməsi mümkün deyil. Bir-birinə əks dövlətlərin maraqlarını müharibələr həll edə bilməyəndə bu yola əl atırlar. Yarım əsrdən çoxdur ki, problemlərini terror vasitəsilə həll edirlər. Çünki ortada nüvə silahı olduğundan münaqişələrini birbaşa müharibə yoluyla həll edə bilməsələr də, terror “buxar” çıxartmaq üçün ən yaxşı vasitə olur”.

Ana səhifəXəbərlər“Gənclərin Suriyaya göndərilməsində ən fəal rayon Tərtərdir”