Gənclər görüşə icazə verilməyəcəyi təqdirdə aclıq aksiyasına başlayacaqlarını bildiriblər
Vəkil Elçin Sadıqov Azadlıq Radiosuna deyib ki, müdafiə etdiyi gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovla yazışmalarını təcridxana nəzarətçiləri yoxlayır.
O, mayın 27-də hər iki gənclə görüşüb.
Vəkil nəzarətçilərin onu yoxlamasını belə qiymətləndirib: “Bu vəkillə müdafiə edilən şəxsin arasında konfedesiallıq prinsipinin pozulmasıdır. Tamamilə qanunsuzdur”.
E. Sadıqov hər iki şəxsin valideynlərinə övladları ilə görüşməyə indiyə kimi icazə verilmədiyini də deyib:
“Hə iki gənc çərşənbə gününə kimi valideynləri ilə görüş verilməyəcəyi halda, həmin gündən aclıq aksiyasına başlayacaqlarını bildiriblər.”
NİDA Vətəndaş Hərəkatının üzvi B. Məmmədov və Q. İbrahimov mayın 10-u saxlanıblar.
Mayın 12-də Xətai Rayon Məhkəməsi onlara haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Omudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib etmişdi. Vəkil Elçin Sadıqovun deməsinə görə, gənclərdən Bayram Məmmədov işgəncə hallarına etiraz olaraq təcridxanada aclıq aksiyası keçirmişdi. Ancaq anası ilə telefonda danışdıqdan sonra aksiyanı dayandırmışdı.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şuar yazılmasına görə, həbs edildiyi güman edilir.