Gün ərzində Britaniya Olimpiya Assosiasiyasının etirafı ilə bağlı açıqlama veriləcək
Avropa oyunlarında Böyük Britaniya komandasının iştirak xərclərini Azərbaycan tərəfi ödəyir.
Britaniyanın “Guardian” qəzetinin yaydığı xəbərə görə, Britaniya Olimpiya Assosiasiyası (BOA) Bakıda keçiriləcək ilk Avropa oyunlarının təşkilatçılarının Britaniya idmançılarının yarışa qoşulması üçün pul ödədiyini etiraf edib. Xəbərdə deyilir ki, təşkilatçılar bu addımı hüquq müdafiə qruplarının hökumətin söz azadlığına təzyiqləri ilə bağlı hücumlarının təsiri altında atıblar (BBC-Azərbaycan).
Xəbərə görə, BOA iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa oyunlarına 160 atlet göndərəcək ki, bu da keçən il Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarına göndərilmiş idmançıların sayından üç dəfə çoxdur.
Qəzetin yaydığı məlumatda o da bildirilir ki, Britaniya komandasının 2016-cı ildə Rio Olimpiadasında da eyni vəzifəni yerinə yetirəcək missiya rəhbəri Mark England komandanın yarışlara göndərilməsi xərcinin əsasən, təşkilatçılar tərəfindən ödəniləcəyini deyib: “Təşkilat komitəsindən iştirak qrantı almışıq. Ümumiyyətlə, Böyük Britaniya komandasının, ümid edirik ki, heç bir xərci çıxmayacaq”.
Azərbaycanda müxalif səslərin boğulması cəhdlərinin tənqidi 18 olimpiya və qeyri-olimpiya idman növü üzrə 5000-dən çox idmançının iştirak edəcəyi oyunlara hazırlığa kölgə salıb. “Amnesty International” və “Human Rights Watch” ötən həftə prezident İlham Əliyev rejimini bir daha tənqid edib.
Azərbaycanda təqribən 100 siyasi məhbus var. Onların arasında onlarla jurnalist və demokratiya təbliğatçısının da saxta ittihamlarla həbsdə saxlandığı bildirilir.
Mark England insan hüquqları ilə bağlı tənqidlərdən xəbərdar olduğunu desə də, idmançılardan Azərbaycanın imicini ört-basdır etməyə kömək üçün istifadə edildiyini inkar edib:
“Qabaqcıl Olimpiya komitəsi olaraq biz bundan xəbərdarıq. Biz sizin yazılarınızı oxuyuruq. Bu bir idman hadisəsidir və bir missiya rəhbəri kimi buna şərh vermək mənim vəzifəm deyil,” o deyib. “Bizim vəzifəmiz insan hüquqları, yaxud siyasi aspektlərlə bağlı deyil ”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Meydan TV-yə bildirib ki, yayılan xəbərlə bağlı bu saatlarda nazirlikdə toplantı olacaq: “Bu barədə hələlik heç bir informasiya verə bilmərəm. Toplantı olsun, mətbuata açıqlama veriləcək”.