Bayram Məmmədov

Mənbə: Meydan TV

Başlıq: Bayram Məmmədov

Gənclər Bayram Məmmədovla bağlı bəyanat yaydılar

"İstintaqın gedişi, ilkin nəticələr barədə ictimaiyyətə dərhal məlumat verilməlidir"

“İndiyə qədər Bayram Məmmədovun ölümü ilə bağlı ictimaiyyətə ətraflı məlumatın verilməməsi, istintaq tədbirlərinin nəticələri və kamera görüntülərinin təqdim edilməməsi, Azərbaycan hakimiyyətinin və aidiyyatı orqanların susqunluğu haqlı şübhələrə səbəbiyyət verir”.

Bu fikirlər N!DA Vətəndaş Hərəkatı, D18 Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsi, Haqq Ədalət Partiyası Gənclər Təşkilatı, Oyan Hərəkatı, Müsavat Partiyası Gənclər Təşkilatı və Tələbə Güc Mərkəzinin iyunun 1-də birgə yaydıqları bəyanatda yer alıb.

Bəyanat müəllifləri Bayram Məmmədovun ölümü ilə bağlı aparılan istintaqın ilkin nəticələri barədə ictimaiyyətə məlumat verilməsini tələb ediblər.

Bəyanatda xatırlanıb ki, Bayram Məmmədovun cəsədi sahildə boğulmuş vəziyyətdə tapılıb: “Türkiyə polisi tərəfindən ilk olaraq "şübhəli ölüm" olmadığı deyilsə də, daha sonra bu açıqlama dəyişdirilib və Bayram Məmmədovun ölümü "şübhəli ölüm" olduğu qeyd olunub. Hadisə ilə bağlı araşdırılmanın və zəruri istintaq tədbirlərinin aparılacağı bildirilib. Lakin bu vaxta qədər keçmiş siyasi məhbus Bayram Məmmədovun müəmmalı ölümü ilə bağlı Türkiyə polisi tərəfindən ətraflı məlumat verilməyib. Hadisənin hansı şəraitdə baş verməsi və necə olub Bayram Məmmədovun boğulması barəsində yekdil fikir səsləndirilməyib. Hadisənin baş verdiyi iddia edilən ərazidəki kamera görüntüləri ictimaiyyətə təqdim edilməyib. Azərbaycan hakimiyyəti və aidiyyatı qurumlar tərəfindən Bayram Məmmədovun ölümü ilə bağlı hər hansı açıqlama verilməyib".

Bəyanatı imzalayan təşkilatlar Türkiyə və Azərbaycan hakimiyyətlərindən aşağıdakıları tələb edir: “Bayram Məmmədovun ölümü ilə bağlı başlanılmış istintaq işinin gedişi, əldə olunan ilkin nəticələr barəsində ictimaiyyət dərhal məlumatlandırılmalıdır. Ölüm səbəbləri, hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı məlumatlar təqdim edilməlidir. Azərbaycan hakimiyyəti və aidiyyatı qurumlar Bayram Məmmədovun həlak olması ilə bağlı açıqlama verməli, istintaq prosesində yaxından iştirak etməli və Türkiyə hüquq mühafizə orqanları ilə birgə kordinasiyalı şəkildə işləməlidir! Bu mövzuda Türkiyə hüquq mühafizə orqanlarının, Azərbaycan hakimiyyəti və aidiyyatı qurumların səssizliyi və istəksizliyi Bayram Məmmədovun ölümü ilə bağlı fərqli spekulyasiyaların yaranmasına səbəb olur. Bu cür düşüncələrin yaranmaması və adekvat nəticələrinin olmaması üçün Türkiyə və bilavasitə Azərbaycan hakimiyyəti istintaq prosesinin nəticələnməsində maraqlı olmalıdır”.

Bayram Məmmədov mayın 2-də İstanbulda naməlum şəkildə həlak olub.

Gənc fəalın Türkiyədə ölməsi barədə mayın 5-də xəbər yayılıb.

Türkiyə polisi onun cəsədinin İstanbulda dənizdən tapıldığını bildirib. Bayram Məmmədovun cəsədi Türkiyə istintaq orqanı tərəfindən ekspertiza edildikdən sonra ailəsinə verilib.

O, mayın 9-da Bakıda dəfn edilib.

Bayram Məmmədov və Qiyas İbrahimov 9 may 2016-cı ildə sabiq prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək!" şüarı yazdıqdan sonra həbs edilib.

Hər iki gənc fəal həmin il oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu il martın 16-da prezidenti İlham Əliyevin əfv sərəncamı ilə fəallar azadlığa buraxılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9pmm60

Ən çox baxılan