Gəncin ailəsi yazılanları yalanladı: “İntihara səbəb maddi problem deyil”

“O cür oğlanın qardaşı pul dərdi çəkər?”

Sabunçu rayonunun Pirşağı qəsəbə sakini, 18 yaşlı Sabir Lütfiyar oğlu Miriyevin intiharının səbəbi maddi problem deyil. Bunu Meydan TV-yə gəncin anası Kəmalə Quliyeva deyib.

Sabir Miriyevin 11 oktyabrda, səhər saatlarında yaşadığı evdə intihar etdiyi bildirilir. Yerli media onun təhsilini davam etdirmək üçün maddi sıxıntılar yaşadığını, bu səbəbdən həyatına son qoyduğunu yazıb. Bu da ailənin narazılığına səbəb olub.

Kəmalə Quliyeva intiharın səbəbini bilməsə də, deyir ki, ailəsinin maddi problemi yoxdur. Onun bir oğlu hazırda Türkiyədə yaşayıb işləyir, rəssamdır. Sabir Miriyev isə bu il Ankara Universitetinin psixologiya fakültəsinə qəbul olunub.

Anasının sözlərinə görə, oğlunun ən böyük arzusu psixoloq olmaq olub:

“Universitetin ödənişi edilmişdi, sadəcə Sabir Azərbaycanda özünə biznes qurduğu üçün univetsitetə ikinci smestrdə gedəcəkdi. Bir məlumatı yazanda öncə bir araşdırsınlar, sonra yazsınlar”.

Kəmalə Quliyeva deyir ki, son günə qədər övladının kefi yerində olub:

“Bizi tanıyanların hamısı bilir necə deyib-gülən ailəyik. Oğlum da elə idi. Uşağın psixologiyası yerində olmasaydı, hiss edərdik. Həmin günü əmisi oğlu ilə nərd oynayıb. Sonra tualetə getmək adıyla otaqdan çıxıb, pəncərəni bərk-bərk döyüb içəridəkiləri qorxuzmağa çalışıb. Zarafatlaşıblar, deyirlər, gülməkdən uğunub getdi. Sonra gözləyiblər gəlməyib, gedib görüblər ölüb”.

Ananın sözlərinə görə, Sabir Miriyev bu hadisədən öncə heç kimə heç nə deməyib, məktub yazmayıb. Ümumiyyətlə, intiharın baş vermə səbəbi ailə üçün hələ müəmma olaraq qalır:

“Deyirlər, saat 5-dək kiminləsə danışıb, yazışıb. Telefonu kodda olub deyə qardaşları açıb baxa bilməyib kiminlə danışıb. Türkiyədəki oğlum rəssamdır, böyük holdinqlərdə şəkillər çəkir. İndi böyük bir iş götürüb Ankarada, hər ay pul göndərir, heç vaxt belə problemimiz olmayıb. Türkiyə telekanalları onu göstərir, ondan danışır. O cür oğlanın qardaşı pul dərdi çəkər? Yazılanlar yalandır”.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Ana səhifəTövsiyəGəncin ailəsi yazılanları yalanladı: “İntihara səbəb maddi problem deyil”