Yusif Quliyev: “Hakim dedi ki, prokurorluq bizə materialı belə göndərib”
Sevdiyi qıza elçi göndərmək istədiyinə görə döyülən 21 yaşlı Cəlilabad sakini Yusif Quliyevin məhkəmə işi yekunlaşıb.
Bu barədə Meydan TV-yə Yusif Quliyev özü məlumat verib. Onun sözlərinə görə, 14 martda keçirilən məhkəmə prosesinə onu döyənlərdən nə Cəlilabad rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Nəsimi Bağırov, nə də Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik-leytenant Şahin Cəfərov gəlib:
“Əvvəlcə məni prokurorluğa çağırdılar, başqa qeydimin olub-olmadığını soruşdular. Dedim, yoxdur. Dedilər, işi bağladıq, göndəririk məhkəməyə. İki gün sonra, martın 14-də məhkəmə çağırdılar. Getdim, orda məlum oldu ki, nə Nəsimi Bağırovun, nə də Şahin Səfərovun adı istintaq materiallarının içində var. Hakim dedi ki, prokurorluq bizə materialı belə göndərib. Yalnız məni döyənlərdən Nəsimi Bağırovun qardaşı Əfqan Bağırovun adı var idi. Onun da hərəkətini inzibati xəta hesab edib 500 manat cərimələdilər. Bununla da məhkəmə yekunlaşdı”.
Yusif Quliyev deyir ki, bundan sonra özünə vəkil tutacaq və həmin şəxslərin adının işdən çıxarılması ilə bağlı məhkəməyə yenidən müraciət edəcək.
Martın 12-də Yusif Quliyev Meydan TV-yə müraciət edərək sevdiyi qıza elçi göndərmək istədiyinə görə döyüldüyünü
söyləmişdi
. Bildirmişdi ki, səbəb sevgilisinin polis kapitanının qardaşı qızı olmasıdır:
“Başqa bir qohumu isə FHN-də çalışır. Məni döyəndə dedilər ki, sən kimsən bizim qardaşımızın qızını sevir, ona elçi göndərirsən…”
Onun sözlərinə görə, döyülməkdən başqa təhdid də edilib, lakin döyənlərin heç biri cəzalandırılmayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis leytenantı Məhəmməd Rzayev isə hadisədən bir neçə gün sonra “Unikal.org”-a bildirib ki, deyilənlər həqiqəti əks etdirmir:
“Həmin münaqişədə adıçəkilən polis əməkdaşı deyil, onun qardaşı Əfqan Bağırov olub”.