Gəncənin icra başçısına silahlı hücum olub (YENİLƏNİR)

Həyata keçirilən tədbirlərin prezidentin şəxsi nəzarətində olduğu qeyd olunur

Foto: Azərtac

***


Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin

mətbuat xidmətləri

birgə məlumat yayıblar.


Bildirilib ki, iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhərİcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında Yunis Səfərovun odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış və xəstəxanaya yerləşdirilib.


Hadisəni törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.


Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.


Hazırda cinayətdən zərər çəkmiş Elmar Vəliyevin və Qasım Aşbazovun səhhəti qənaətbəxş olmaqla hər ikisi ixtisaslı tibbi yardımla əhatə olunub.


Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcəkdir.


Eyni zamanda, həyata keçirilən tədbirlərin prezidentin şəxsi nəzarətində olduğu qeyd olunur.

***

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən silahlı hücumun təfərrüatları məlum olub.

Hadisə nəticəsində icra başçısı ağır yaralanıb, polis əməkdaşı olan mühafizəçisi Qasım Aşbazov isə hadisə yerində ölüb.

İcra başçısı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan vertolyotla Bakıya göndərilib.

Hadisə axşam saat 20:00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin önündə yerləşən mərkəzi meydanda baş verib. Silahlı hücumu törədən Yunis Səfərov tutulub.

İlkin məlumatlara görə, o, Rusiya vətəndaşıdır. Həmin şəxs ötən il Gəncə şəhərində mühafizə polisinin əməkdaşını döyərək xidməti silahını əlindən alıb və hadisə yerindən qaçdığı üçün axtarışa verilib.

Həmçinin bildirilir ki, bir müddət əvvəl icra başçısı ilə hadisəni törədən şəxs arasında mübahisə olub və Yunis Səfərov Elmar Vəliyevə onu güllələyəcəyi barədə xəbərdarlıq edib. (Report.az)

***


Elmar Vəliyevin mühafizəçisinin həlak olduğu deyilir

Gəncənin icra hakimiyyəti başçısı Elmar Vəliyevin silahlı hücuma məruz qaldığı bildirilir. Yayılan məlumata görə, icra başçısı yaralanıb, mühafizəçisi isə həlak olub.

Gəncədə çalışan, adının açıqlanmasını istəməyən polis işçisi də faktı Meydan TV-yə təsdiqləyib.

“Ona Yunus adlı şəxs atəş açıb. Ancaq səbəbi məlum deyil. Hadisə ilə bağlı polis işçilərinin hamısını yığmışdılar. Deyirlər, hadisə söyüşə görə olub. Atəş açan şəxs saxlanılıb”.

İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.

Faktı APA-ya Daxili İşlər Nazirliyindən də təsdiqləyiblər. Hücum edən şəxsin saxlandığını deyiblər. Elmar Vəliyevin heç bir xəsarət almadığını söyləyiblər.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Ana səhifəXəbərlərGəncənin icra başçısına silahlı hücum olub (YENİLƏNİR)