Gəncədəki ən iri müəssisə fəaliyyətini dayandırıb (Yenilənib)

“Azəralüminium” və “DET-AL”da ümumilkdə 5 min 200 nəfər işləyirdi

Gəncə şəhər İcra Hakimiyyəti Meydan TV-də dərc olunmuş “Gəncədəki ən iri müəssisəsi fəaliyyətini dayandırıb” başlıqlı məqaləyə reaksiya verib. İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, “Det-Al” Alüminium Zavodu öz fəaliyyətini dayandırmayıb və tam gücü ilə işləyir: “Əhali arasında çaşqınlıq yaratmaq məqsədi ilə yayımlanan bu xəbərlərin heç bir ciddi əsası yoxdur”.

Xəbərdə bildirilir ki, şirkətin baza müəssisəsi olan Det-AL Alüminium Kompleksi Gəncə şəhərində yerləşir. Kompleksin ümumi ərazisi 81,0 hektar, ümumi tikinti altı sahə isə 102.000 m² ərazini əhatə edir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu , Təzyiqlə Emal və Boyama Zavodu, ) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), çoxlu sayda sex, istehsalat və sosial obyektlər daxildir.

Məqalənin altında şərh yazan “Det-Al”ın Marketin və Satış direktoru Rauf Rüstəmov deyilənlərin yalan olduğunu bildirir: “Bu xəbər tamamilə yalandir. Əlinə qələm keçən ağlına gələni yazsa, onda sizin yayının nə fərqi oldu? Alüminium Zavodu 100 faiz məhsuldarlıqla işləyir və hər gün ixracat etdiyi ölkə siyahısını artıraraq, Azərbaycan bayrağını xarici coğrafiyalarda haqqıyla dalğalandırır.
“Det-AL”ın əməkdaşı kimi qeyd olunan Emil Sadıqov adlı şəxs də məlumatı yalanlayıb: “”Det-Al” Alüminium Zavodu 2011-ci ildən tam gücüylə fəaliyyət göstərir”. 

Meydan TV əməkdaşı təkrar Alüminium Zavodunun rəisi Akif İbişovla əlaqə saxlayıb. A.İbişov Alüminium Zavodunun bağlandığını təsdiqləyib: “Mən artıq rəis deyiləm, zavod bağlanıb. ”Det-Al” haqqında məlumatsızam, deyəsən ora işləyir”.

 

¤¤¤

 

“İstehsalımız yaxşı gedirdi. Minlərlə işçi var idi. Hamısını heç bir yerdə işlə təmin etmədən çıxarıb atdılar. Gör nə qədər adam ailəsinə çörək aparırdı. Bir rəsmi adam açıqlama vermədi ki, bizim aqibətimiz nə olacaq”.

Bu sözləri Samux sakini Arzu Əliyeva deyir. O, 18 il Gəncədəki “Azəralüminium” ASC-də şöbə rəisi kimi fəaliyyət göstərib. Sahəsinə uyğun olaraq 2 il əvvəl “Azəralüminium”un yanında yenidən inşa edilmiş “Det-AL” müəssisinə yeni işə təyin edilib. Lakin ötən il bir çox əməkdaş kimi onu da işdən azad ediblər:

“Ailə 9 nəfərdən ibarətdir. Uşaqlarım işsizdi, fəhlədirlər, nəvələrim var, hamısını az-çox mən dolandırıram. 58 yaşım var, məni necə çölə ata bilərlər? Bu yaşda hardan iş tapım? Ərizə yazdıranda dedilər ki, müvəqqətidir. Dedilər, vəziyyət düzəlsin, geri çağıracağıq. 1 ildən çoxdur xəbər yoxdu”.

“Bir ilə bağlayacaqdılarsa, bu qədər vəsaiti bura niyə tökdülər?”

“Azəralüminium” müəssisəsi dünya bazarlarına xam alüminium satışı həyata keçirirdi. Dünya bazarlarında sözügedən müəssisənin istehsal etdiyi alüminium məhsulunun 1 tonu əvvəllər 3300 dollara, daha sonra 2800 dollara qədər azalmışdı.

“Det-Al” Aluminium Kompleksi isə 2014-cü ildə prezidentin iştirakı ilə istifadəyə verilib. Həmin vaxt məlumat verilmişdi ki, müəssisədə gücü 50 min ton olan 2 zavod- “Metaltökmə, fasiləsiz metal yayma” və “Təzyiqlə emal və boyama zavodu” fəaliyyət göstərirdi.

Rəsmi məlumatlara görə, 2014-cü ildə fəaliyyətə başlamış “DET-AL Alüminium” Kompleksində ümumilikdə 1400 nəfər işlə təmin edilmişdi. Sözügedən müəssisədə elektroliz vannalarının işə salınmasında çalışan Sabir Abbasov da işsiz qalmasından gileylənir.

“Fəhlə idim, aylıq gəlirim 240 manat idi. Birtəhər dolanırdıq. Zavod işləmir, qalmışıq işsiz. Bir ilə bağlayacaqdılarsa, bu qədər vəsaiti bura niyə tökdülər? Təntənəli açılışı buna görə edirdilər? Müəssisədə ağır təhlükəli sexlərdə çalışanlar var. Canları xəstə düşüb, başqa ağır iş də görə bilmirlər”.

Azəralüminium və “Det-Al” Alüminium Kompleksinin Gəncə şəhərinin iqtisadi potensialında təxminən 50 faizdən çox çəkisi var idi.

“Azəralüminium” ASC-nin direktoru Akif İbişov işçilərin azad olunması barədə heç bir suala cavab verməsə də, yalnız onu bildirdi ki, artıq müəssisə tamamilə fəaliyyətini dayandırıb.

“Minlərlə iş yerinin bağlanacağı qaçılmazdı”

Vergilər Nazirliyi ötən ilin oktyabr ayında 30 min iş yerinin bağlanması ilə bağlı rəsmi statistika açıqlamışdı. Vergilər naziri Fazil Məmmədov bildirilmişdi ki, iş yerlərinin bağlanmasının səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalıdır.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, iri müəssisələrin, xüsusən də metal emalı ilə məşğul olan zavodların bağlanması dünya bazarı tələblərinə cavab verən istehsalın olmaması ilə bağlıdır.

“Metalın qiyməti dünya bazarında aşağı düşüb. Elə bu səbəbdən də bu sahədə rəqabət var. Azərbaycanda isə metal emalı ilə məşğul olan müəssisələr dövlət investisiyaları hesabına tikilir və dünya bazarındakı trendlərə uyğunlaşmağa, keyfiyyətli istehsalda maraqlı olmurlar. Eləcə də standartlara cavab verməyən məhsul satıla bilmir. Belə müəssisələr açılanda mütləq emal ediləcək məhsulun satışı nəzərə alınmalıdır”.
Natiq Cəfərli deyir ki, dövlət investisiyası hesabına açılmış minlərlə iş yerinin bağlanacağı qaçılmazdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6mbhmj

Ən çox baxılan