Gəncədə həbs olunan AXCP üzvü şərləndiyini və işgəncəyə məruz qaldığını deyir

Foto: Meydan TV

Şahidlər şahmat müəlliminin evindən aparıldığını təsdiqləyirlər

Gəncə Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Şahin Hacıyevin işi üzrə məhkəmə prosesi keçirilir. Gəncədə şahmat müəllimi kimi fəaliyyət göstərən Şahin Hacıyev Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsilə ittiham olunur. Lakin o, bu ittihamı rədd edir, üzərindən tapıldığı iddia olunan narkotik maddəni də cibinə əslində, polislərin özlərinin atdığını bildirir. O, həmçinin işgəncəyə məruz qaldığını deyib.

Məhkəmə prosesinin əvvəlində ifadəsində narkotikin ona heç bir aidiyyəti olmadığını, bu cür pis vərdişlərdən tamamilə uzaq biri olduğunu deyən Şahin Hacıyev martın 16-da məhkəmədə bir daha bunu təkrarlayıb. O bildirib ki, cinayət işinin materiallarında tutulduğu yer də saxtalaşdırılıb. Sənədlərdə onun Gəncədə yolda gedərkən şübhəli şəxs qismində saxlandığı, üzərinə baxış keçirilərkən narkotik maddə tapıldığı yazılıb. Lakin özü bildirib ki, onu yaşadığı evdən mülki geyimli polislər aparıb. Bunu həmin vaxt yaşadığı evə gəlmiş AXCP-nin Gəncə şöbəsinin sədri Bəxtiyar Yusibov, partiya fəallarından onun qonşusu olan Razi Alışov da görüb.

Şahin Hacıyevin vəkili Zabil Qəhrəmanov adları çəkilən şəxslərin məhkəmədə əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Müdafiəçinin vəsatəti təmin edilib və həm Bəxtiyar Yusibov, həm də Razi Alışov martın 15-də məhkəmədə dindirilib. Onlar Şahin Hacıyevi mülki geyimli polislərin noyabrın 26-da yaşadığı evdən götürüb apardığını, saxlanılarkən onun zorakılığa məruz qaldığını təsdiqləyiblər.

Bəxtiyar Yusibov bildirib ki, həmin gün Şahin Hacıyevin yanına gedəndə onun pulsuzluq üzündən evin xalçasını satmasının şahidi olub:

“Mən çatanda gördüm ki, əlində bükülmüş xalça var. Dedi ki, qonşuya satmışam, onu aparıram verməyə…”.

AXCP üzvü əlavə edib ki, elə həmin vaxt mülki geyimli polislər xüsusi aqressiya ilə evə daxil olub, hər ikisinə qarşı zorakılıq göstərib: “Məni də aparmaq istəyirdilər. Sonra zəng gəldi, buraxdılar”.

Razi Alışov isə bildirib ki. mülki geyimli polislər onu həyətdə görüb, öncə hədələyib, sonra da qovublar.
Şahin Hacıyevin işi üzrə istintaq Gəncə şəhər Baş Polis İdarəsində aparılıb. İşin istintaqını aparmış müstəntiq martın 17-də məhkəmədə dindiriləcək.

Şahin Hacıyev Gəncədə şahmat məşqçisi kimi fəaliyyət göstərirdi. AXCP ona qarşı irəli sürülmüş narkotik ittihamının saxta olduğunu, Şahin Hacıyevin sosial media hesabından yazdığı statuslara görə şərlənməklə cəzalandırıldığını bəyan edib:

“Şahin Hacıyevi tanıyan hər kəs onun narkotikdən, ümumiyyətlə, pis vərdişlərdən uzaq biri olduğunu yaxşı bilir. Buna baxmayaraq, siyasi baxışlarına, tənqidi fikirlərinə görə daim təqib və təzyiq altında olub. O, 2021-ci ildə polis tərəfindən bir neçə dəfə saxlanılıb. İki dəfə şərlənərək, 30 sutka inzibati həbs cəzası verilib. Ondan AXCP əleyhinə bəyanat almağa cəhd göstərilib. Son həbsindən iki gün əvvəlki paylaşımına görə isə daha ağır şəkildə cəzalandırmaq – narkotik ittihamıyla cinayət işi başlayıb, uzunmüddətli həbsə göndərmək qərarına gəliblər”.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Şahin Hacıyev konkret əməliyyat məlumatı və fakt əsasında saxlanılıb.
Şahin Hacıyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətGəncədə həbs olunan AXCP üzvü şərləndiyini və işgəncəyə məruz qaldığını deyir