Gəncədə 9-cü sinif şagirdi məktəbdə dəmir parçası ilə döyülüb

Kim tərəfindən döyülməsi bilinməyən məktəblinin vəziyyəti ağırdı

Source:


Kim tərəfindən döyülməsi bilinməyən məktəblinin vəziyyəti ağırdı

Noyabrın 30-da Gəncədə köçkünlər üçün salınmış yeni şəhərcikdəki 9 saylı məktəbdə 9-cu sinif şagirdi dəmir parçası ilə döyülüb. Məktəbli qız dəhlizdə ağır vəziyyətdə tapılıb. Döyülən F.M-nın yaxınları Meydan TV-yə faktı təsdiqləyiblər. Onların sözlərinə görə, qızın vəziyyəti ağırdır, danışa bilmir: “Xəstəxanaya aparılanda bircə kəlmə deyib ki məni döydülər. Başı ciddi zədələnib. Dəmirlə başından ağır zərbələr vurublar. Elə sinif yoldaşlarına da “bir oğlan məni döydü” – deyib. Huşsuz idi, kim döyüb, niyə döyüb, deməyib. Polis də araşdırır”.

Fidanın təhsil aldığı 9 saylı məktəbin direktoru Məmməd Məmmədovun sözlərinə görə, hadisə günü günorta saatlarında, 4-cü dərsin axırlarına yaxın Fidan Məmmədova müəlliməsindən icazə alıb və bayıra çıxıb. Sonra uşaqlar onun yerə yıxılı olması xəbərini gətiriblər:

“Sakit uşaqdı, niyə belə hadisə olub heç bir fikrimiz yoxdu. Müəlliməsindən ayaqyoluna getmək üçün icazə alıb. Sonra ayaqyolunun yanında digər şagirdlər onu yerə yıxılı görüblər. Polisə bütün təfərrüatı danışmışıq. Ümid edirik tezliklə onun niyə döyülməsi aydınlaşacaq”.

F.M hazırda Gəncə şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına müalicə alır. Xəstəxanadan verilən məlumata görə, ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Alın, boyun fəqərələri isə əzilib. Onun vəziyyəti ağırdı.

Gəncə şəhər Kəpəz Rayon Polis şöbəsi isə faktla bağlı araşdırma apardığını bildirib.

Ana səhifəXəbərlərGəncədə 9-cü sinif şagirdi məktəbdə dəmir parçası ilə döyülüb