Gəncəçayın kənarından ”Xaraba yer”ə qədər…

Sakinlər: ”Biz şəhərin mərkəzindən ”xaraba yer”ə getmək istəmirik

Source:


Sakinlər: ”Biz şəhərin mərkəzindən ”xaraba yer”ə getmək istəmirik

“O gün məni polis maşınına basıb apardııar şöbəyə, ürəyim getdi, bir qurtum su da vermədilər. İki azyaşlı uşaqla məni şöbədə 4 saatdan çox saxladılar. Uşaqlardan birinin “sudurğa”sı tutdu, burnundan qan açıldı, polislərə yalvardım ki, təcili yardım çağırsınlar, çağırmadılar. Bizi bu yollarla bezdirirlər, sənədli evlərimizdən çölə atırlar. Şəhərin mərkəzindən “xaraba yer” deyilən əraziyə “sürgün” eləyirlər”.

Bunu Meydan TV-yə Gəncə şəhəri, Gəncəçay çayının sol sahilində – Həsən Əliyev küçəsində yaşayan Reyhan Rzayeva deyir.

2 ildən çoxdur ki, Gəncədəki Vəli Xuluflu və Həsən Əliyev küçələrində yerləşən evlər sökülür. Əvvəl burada yaşayanlara Gəncəçay daşqınları səbəb gətirilsə də, sonradan sakinlərə məlum olub ki, əslində ərazidə bulvar tikintisi nəzərdə tutulub. Elə mübahisələr də bundan sonra qızışıb. Sakinlər yaşadıqları mənzillərə görə kompensasiya tələb etməyə başlayıblar. Yerli icra hakimiyyəti isə hər kvadretmetrə görə 300 manat təklif edib. Alternativ təklifsə Gəncədəki Cihazqayırma Zavodu yaxınlığında – gəncəlilərin öz aralarında “xaraba yer” adlandırdıqları ərazidə tikilən evlərə köçürülmə olub. Təkliflərlə razılaşmayan sakinlər evlərindən zorla çıxarılıblar. Təqribən 150 ailədən hazırda Gəncəçay sahilində iyirmiyə yaxın ailə qalıb, mücadilə davam edir.

Qocaya, uşağa baxmırlar

Reyhan xanım deyir, icra hakimiyyəti polislə əlbir olaraq burada yaşayan insanlara divan tutur:

“Qocaya, uşağa baxmırlar, hamıya təzyiq göstərirlər, təhqir edirlər. Prezidentə yazdıqlarımız gedib çatmır. Sənədli evimi uçurublar. Oğlanlarımızın qollarını bururlar, şər atırlar, polisə aparırlar. Burdan çoxu elə getdi. Kişilərini aparıb yığdılar polisə, ailə məcbur olub evi tərk elədi. Kompensasiya istəyəndə deyirlər, gəlin kvadratmetri 300 manatdan verək, gedin, başınıza çarə edin. İstəmirsizsə, hara köçürürük, razılaşın. 90 ilin evlərini sökürlər. Bizi çöllərə salırlar”.

Reyhan xanım deyir, 1 ildir ki, evlərə gedən kommunal xətlər kəsilib:

“Qazı da kəsiblər. Qışı nə zülm çəkdik, bir Allah bildi, bir də özümüz… Qaz sayğacımız, kartımız ola-ola boruları kəsib atıblar kənara ki, çıxmalısız, evləriniz sökülməlidir. Hədə-qorxuyla evlərindən çıxartdıqları adamları “xaraba yer” deyilən ərazi var, aparıb orda tikdikləri gecəqondulara yerləşdirirlər”.

Çayın məcrasını qəsdən dəyişdilər

Eyni küçədə yaşayan Raminə Əliyeva deyir, yerli icra hakimiyyəti iki küçənijn sakiniylə “gəncəçay oyunu” oynayıb:

“Əvvəl çayın məcrasını qəsdən dəyişdilər, on evi su basdı. Ərazidəsə azı 150 ev vardı. Adamları aldatdılar ki, çay bir də daşsa, heç ölünüz də ələ gəlməyəcək. Çoxu qorxuya düşüb evdən çıxdı, texnikaları işə salıb evləri dağıtdılar. Sonra da həmin adamları aparıb “Cihazqayırma zavodu” yaxınlığındakı “xaraba yer” deyilən ərazidə tikdikləri gecəqondulara yerləşdirdilər. Heç əllərinə bir parça kağız da vermədilər. Camaat evləri söküləndən sonra xəbər tutdu ki, sən demə, burda bulvar salırlarmış. İndi də qalan 15-20 ailənin başına oyun açırlar ki, evlərini qoyub qaçsınlar”.

Sakin Rəfiqə Hüseynova:

“Buraları elə vəziyyətə salıblar ki… Hər yeri dağıdıblar, qazıblar… İlanlar mələşir, kərtənkələlər tüğyan eləyir. Halbuki, şəhərin mərkəzindəyik, “Gəncə Mall”-la da bizim ərazinin arasında vur-tut 300 metr məsafə var”.

Ailələrə akt adına bir parça kağız da verilməyib

Sakin Səfər Əliyev:

“Həbslərlə hədələnən çarəsiz adamlar məcbur qalıb məmurların müvəqqəti yaşamaq üçün təklif etdikləri “xaraba yer” deyilən əraziyə köçdülər. Hərdən polislərə də yazğımız gəlir, onlar da az qala ağlayırdılar ki, nə olar, bizi qarğışlamayın, onsuz da biz olmasaq da, kimisə göndərəcəklər, gəlib sizi çıxaracaq. Köçənlərin heç birinə sənəd verilməyib. Akt adına bir kağız parçası da verilməyib. İndi də qorxularından səslərini çıxarmırlar. Köçürülən adamları hədələyiblər ki, kim şikayət eləsə, ona evin sənədi verilməyəcək”.

Sakinlər dəfələrlə aksiya keçiriblər. Hətta Bakıya – Prezident Administrasiyasının qarşısına da toplaşıblar. Ancaq tələbləri yerinə yetirilməyib. Hazırda təqribən iyirmi ailə kompensasiya tələbi ilə dağıntılar içərisində, kommunal xidmətlər göstərilmədən yaşayır.

Kompensasiya yoxdur, yalnız ev var

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, iki ildir Gəncəçayın sol sahilində bulvarın genişləndirilməsi layihəsi həyata keçirilir. Çayın sol sahilində yerləşən və 129 ailənin çoxu başqa ünvanda tikilən evlərə köçürülüb. Köçürülən ailələrdən hazırkı mənzil şəraitləri ilə bağlı şikayət daxil olmayıb. Vəli Xuluflu küçəsində yeni yaşayış binalarının inşasına başlanılıb. Hazırda həmin küçədə və Həsən Əliyev küçəsində evlərini tərk etməyən bir neçə ailə var ki, mənzillərinə dəyərindən qat-qat çox kompensasiya tələb edirlər. Lakin hökumət tələb olunan məbləğdə kompensasiya ödənişi nəzərdə tutmayıb. İcra hakimiyyəti yaxın vaxtlarda həmin ailələri də başqa mənzillərə köçürməyi planlaşdırılır.

Ana səhifəBölgəGəncəçayın kənarından ”Xaraba yer”ə qədər…