Gəncə sakinləri: Biz evimizi istəyirik

72 yaşlı Ofeliya Əsgərova deyir ki, əşyaları, xeyrə-şərə geyindikləri əyin-başları qohum-qonşunun evindədir.

Source: Specify Source


“Bir yerə getmək istəyəndə gedib qohumlarının evində çimirik”

Daş və taxta parçalarından tikilmiş çəpər, 2 nəfərin güclə sığdığı balaca bir daxma…

6 ildir Əsgərovlar ailəsinin sığınacağıdır bura. Həyətin küncündə isə balaca bir ev hörülüb. Ancaq nə qapı-pəncərəsi, nə suyu, işığı, nə də üstündə damı var.

Qaldıqları daxma isə soyuq və darısqaldır. Hər ikisinin yaşı 70-i ötüb. Odur ki, tez-tez soyuqdan xəstələnirlər. Baş-ayaq, narahat vəziyyətdə yatırlar.

72 yaşlı Ofeliya Əsgərova deyir ki, əşyaları, xeyrə-şərə geyindikləri əyin-başları qohum-qonşunun evindədir. Bir yerə getmək istəyəndə gedib qohumlarının evində çimir, geyinib-keçinirlər:

“Nə az, nə çox – düz 6 ildir ki, biz bu şəraitdə yaşayırıq. Artıq bezmişik”.

70 yaşlı Heybət Əsgərov əvvəlki evini, bağ-bağçasını, şəraitini xatırlayır. Deyir, kiçik olsa da, şəraitli evi olub. 2014-cü ildə onlara Gəncə Şəhər İcra Hakimiyyətindən nümayəndə gəlib. Deyib ki, bəs onun da evinin olduğu ərazidə “Stadler Rail Group” şirkəti üçün vaqon zavodu tikiləcək. Onların evi də həmin zavodun tikilməsi üçün planlaşdırılan ərazidədir və plana düşüb.

Ailə əvvəlcə evlərini verməyə razı olmayıb. Sonradan onlara başqa bir yerdə daha geniş həyət verəcəklərini, içində isə daha böyük ev tikəcəklərini vəd ediblər.

“Mənə dedilər ki, gəl gedək sənə həyətyanı sahəni göstərim. Necə ev tikəcəyimizin planına bax. Geyinib bunlarla getdim. Mən evdə olmayanda evimi veriblər buldozerin qabağına”.

Ofeliya Əsgərova həmin günü çox yaxşı xatırlayır. Deyir, evdən paltarlarını və şəxsi əşyalarını güclə çıxarıb. Yoxsa heç ona da imkan vermirmişlər. Və elə 2-3 saatın içində icra hakimiyyətinin adamları evi, bağı, həyəti darmadağın ediblər:

“Qoymadılar ki, 2 daş üst-üstə qala. Hamısını uçurub getdilər. Həmin gündən bu yana da biz qaldıq küçələrdə. Bir müddət qohum-qonşu evində başımızı girlədik. Artıq üzümüz qalmayanda da üz tutduq bizə verilən həmin o həyətə. Bir müddət burada çadırda yaşadıq. Yağışın, qışın günündə pis günlərə qaldıq. Sonra kişi ordan-burdan daşıdığı daşla, taxtayla balaca bir daxma qaraladı. Yığışdıq içinə”.

image_from_ios (4).jpg
Ofeliya Əsgərova

Həmin kiçik daxmanın içinə əşyaları sığmır. Bir yataq, divardan asılmış radio, ayna, bir neçə dəst paltar, fotoşəkillər, evin içində kiçik bir şkaf, üstündə də stəkan-nəlbəki. Bir də daxmanı isitmək üçün odun peçi yanır. Vəssəlam, Əsgərovlar ailəsinin yaşayışı bundan ibarətdir.

“Yeməyi ocaq qalayıb çöldə bişirirəm. Çayı da samovarda qoyuruq. Qışın günündə stol qoyub çöldə yeyirik tapdığımız bir tikə çörəyi. İnanın bu cür yaşayışa kimsə dözməz. Bizi gül kimi evimizdən, eşiyimizdən ayırıb, bu vəziyyətə qoydular”.

Heybət Əsgərov deyir ki, onlar köçəndən sonra əvvəlki evlərinin yeri boş qalıb. Zavod tikməyiblər. Belə çıxır ki, ailə evindən boşuna çıxarılıb:

“İnanın pensiyaya baxan adamlarıq. Bizim imkanımız yoxdur özümüzə ev tikdirməyə. İndi yaxşı, pis birtəhər dolanırdıq, yaşayırdıq. Şərait var idi, ən azından belə küçələrdə qalmamışdıq. Aldığımızı da bilmirik dərmana, yeməyə, kommunala, yoxsa ev tikdirməyə verək. Biz ölənə qədər özümüzə şərait qura bilməyəcəyik, bilirəm”.

Ailə problemləri ilə bağlı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinə üz tutub. Ancaq hər dəfəsində geriyə əliboş döndüklərini deyirlər:

“Yeni başçı gələndə getmişdim. Dedi ki, narahat olma, sənin problemini həll edəcəyəm. Az qala 2 ilə yaxınlaşır. Hələ də problemim həll olmuş deyil. Elə də qalır. Əlacımız kəsilib, bilmirik dərdimizi başqa hara deyək. Səsimizi eşidən yoxdur”, – Ofeliya Əsgərovanın sözləridir.

image_from_ios (6).jpg
Heybət Əsgərov

Ofeliya Əsgərova 6 ildir mətbəxdə yemək bişirmir. Deyir, ocağın başında yemək bişirməkdən gözləri kor olur:

“Nəinki mətbəx, normal hamam, ayaqyolu üzünə həsrətik. Nə qədər qohumların evində çimmək olar? Vallah, bu yaşımızda abrımız da qalmayıb. İstiliyimiz yox, içməyə suyumuz yox. Bir sözlə, biz yaşamırıq, sadəcə varıq, sürünürük”.

Heybət Əsgərov deyir ki, son ümidi 3 ay bundan öncə yazıldığı Gəncə şəhər icra başçısının qəbuludur:

“3 aydır yazılmışam Niyazi Bayramovun qəbuluna. Ümid edirəm, bu dəfə problem yaratmayacaqlar və biz görüşəcəyik. Mən dərdimi deyə biləcəyəm:

“Heç nə istəmirəm. Tək istəyim nə edir, etsin bizim evimizi tikib versin. Qışdır, soyuqdur. Hamam, kanalizasiya sistemi, mətbəx, yatmağa yer yox. Belə daha nə qədər yaşamalıyıq?”

image_from_ios (10).jpg
“Nəinki mətbəx, normal hamam, ayaqyolu üzünə həsrətik”

Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bəli, illər öncə belə bir hal baş verib:

“Bir neçə vətəndaşın evi zavod tikintisinə görə plana düşmüşdü. Həmin vətəndaşları köçürdülər. Ancaq həmin ərazi Kəpəz rayonuna baxır. Kəpəz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasanız, sizə daha dəqiq məlumat verərlər”.

Kəpəz Rayon İcra Hakimiyyətindən isə problemlə maraqlanacaqlarını söyləyiblər.

Sonda Ofeliya Əsgərova keçmiş evini xatırlayır. Deyir, toyuq hini, ağacları, bağları olub. Şəraitləri də indikindən qat-qat yaxşı imiş:

“Bircə şabalıd ağacımız yox idi. Qalan bütün meyvələrdən vardı. Bizə başqa nə lazım idi? Ağaclarımıza baxanda papağın düşürdü. Biz evimizi tələb edirik. Başqa heç nə istəmirik”.

image_from_ios (7).jpg
“Vallah, bu yaşımızda abrımız da qalmayıb”.
Ana səhifəBölgəGəncə sakinləri: Biz evimizi istəyirik