Gəncə sakini polis rəisinin onun ərazisini mənimsədiyini deyir

Bu illər ərazində Akif Nağıyev Rusiyada olub və biz də auksiona çıxarılan ərazini alıb özəlləşdirmişik.

Source: meydan tv


''Tam əminliklə deyirəm, İsgəndərovlar hakimləri pulla aldılar''

Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində yerləşən “Avtomotoservis və Ticarət Müəssisəsi”nin ərazisi iki ilə yaxındır məhkəmə çəkişməsindədir. Müəssisənin ərazisi rəsmi olaraq 60 sot, qeyri-rəsmi 80 sotu əhatə edir.

Bura ötən əsrin 90-cı illərində baxımsız vəziyyətində olduğundan zibilxanaya çevrilib. Elə həmin illərdə icra başçısı Rasim Daşdəmirov ərazini müəssisədə çalışan Akif Nağıyevin ixtiyarına verib. O da icra başçısının icazəsiylə istilik sistemi və 13 adamın çalışdığı “Avtomobil təmir emalatxanası” qurub.

Bu barədə Meydan TV-yə danışan A.Nağıyev bildirib ki, istilik sistemində 20 min qızılgül kolu əkib:

“Ümumiyyətlə, ərazi, torpaq dövlətin olub, özəlləşdirilməyib, üstündəkilər isə mənim idi. Yəni 1987-ci ilin 31 dekabrında Kirovabad Şəhər Soveti müəssisənin “Avtoservis”in mülkiyyətinə verilməsi haqda qərar çıxarıb. 1988-ci ilin 10 iyulunda müəssisənin əmək kollektivinin iclasında qərara alınıb ki, ərazi mənə verilsin. Bununla bağlı iclasın protokolu da var. 1992-ci ilin yanvarın 31-də “Avtomotoservis və Ticarət Müəssisəsi” ərazini mənim rəis olduğum 7 nömrəli Texniki Xidmət Məntəqəsinə verilməsi haqda sərəncam çıxardıb. Ancaq 2000-ci ildən ətraf binalarda yaşayan müxtəlif adamlar obyektə diqqət yetirirdi. Konkret olaraq, Gəncə Texnologiya İnstitutunun müəllimi İbrahim İsgəndərovun qardaşı, Gəncə Polis İdarəsinin Gecə şöbəsinin rəisi Süleyman İsgəndərov vasitəsilə mənə təzyiqlər başlandı. Ailə vəziyyətimə görə heç nə edə bilmədim, razılaşıb ərazidən 17 sotu İbrahim İsgəndərova 25 min dollar satdım, yəni torpağı yox, üstündəki obyekti, o da özəlləşdirdi. Sonradan məlum oldu ki, torpağı da özəlləşdirib. Qalan 43 sot məndəydi. Amma İbrahim İsgəndərov 25 mindən 15 min dollara düşdü, yenə razılaşdım, onun 11 min dollarını verdi, 4 min borcu qalanda İbrahim İsgəndərov öldü”.

20190422_124120.jpg
Kirovabad Şəhər Sovetinin qərarı

A.Nağıyev deyir ki, 2000-ci illərin əvvəlində yeri özəlləşdirmək istəyəndə başqa mənzərə ilə rastlaşıb:

“Dövlət Əmlak Komitəsinin yerli idarəsindən torpağın özəlləşdirildiyini söylədilər. Halbuki, “Avtomotoservis və Ticarət Müəssisə”si ərazini satışa çıxartmadığını bildirdi. Deməli, vəziyyət belə olub, İbrahim İsgəndərov 2003-cü ilin fevralında oğlu Elşən İsgəndərovu xəbərim olmadan yerimə keçirib. Mənim haqqımda da yazıblar ki, işə gəlmədiyi üçün çıxarılıb. Halbuki, müalicəyə getməyimlə bağlı ərizəm olub, yəni tibbi arayış da almışam, daha işdən çıxmaq haqda ərizə yazmamışam, amma burda saxtakarlıq edib, məni işdən çıxarıblar. 2005-cü ildə Elşən İsgəndərov işdən çıxıb və yerinə bacısının qayınatasını götürdüb. Elşən İsgəndərov hazırda DTX-nın Şəmkir Rayon Şöbəsinin rəis müavinidir”.

A.Nağıyev qarşılaşdığı vəziyyətlə bağlı Gəncə şəhər Nizami Rayon Məhkəməsinə şikayət verib:

“8 ay davam edən prosesdən sonra hakim Gündüz Şirinov məni çağırıb dedi ki, işi Gəncə Apelyasiya Məhkəməsinə göndərir. Çox qəribədir ki, heç bir qərara vermədi, açıq şəkildə söylədi ki, bağışla, işi bağlaya bilmir. Gəncə Apelyasiya Məhkəməsi işi Kəpəz Rayon Məhkəməsinə göndərdi, hakim Afiq Hüseynzadə idi. Hakimlə görüşüb bütün sənədləri təqdim etdim. Amma 6 ay davam edən prosesdə qarşı tərəfdən heç kim gəlmədi, iclaslarda hakim yalnız məni danışdırırdı. Sonuncu iclasda da qarşı tərəfdən heç kim gəlmədi, amma hakim Afiq Hüseynzadə İsgəndərovun xeyrinə qərar çıxartdı. Səbəbini soruşduqda, dedi ki, sən subyekt deyilsən. Onda soruşdum ki, o zaman məni niyə 6 aydır danışdırırdın? Cavab vermədi, susdu. Tam əminliklə deyirəm ki, İsgəndərovlar əvvəlki məhkəmə instansiyaları da daxil olmaqla hakimləri pulla aldılar. Sonuncu prosesdə bu barədə danışanda hakim məni 15 sutka həbslə qorxutdu, bildirdim ki, belə şeylərə görə həbsdə yatmaq vicdanlı olmaq deməkdir. Ali Məhkəmə isə məni prosesə dəvət etmədi, qərarı məktubla göndərdi”.

20190422_124029.jpg
protokol

Meydan TV Akif Nağıyevin iddiaları ilə əlaqədar Gəncə Polis İdarəsinin Gecə şöbəsinin sabiq rəisi Süleyman İsgəndərovla əlaqə saxlayıb.

S.İsgəndərov A.Nağıyevin dediklərinin yalan və böhtan olduğunu bildirib:

“Bu illər ərazində Akif Nağıyev Rusiyada olub və biz də auksiona çıxarılan ərazini alıb özəlləşdirmişik. Buna görə dövlətə 60 min manat ödəmişik. Ən əsası onun şikayəti məhkəmədə mübahisələndirib, son nəticədə Ali Məhkəmə bizim haqlı olduğumuzu təsdiqləyən qərar çıxarıb. Əgər narazılığı vardısa, Avropa Məhkəməsinə şikayət edərdi”.

Ana səhifəBölgəGəncə sakini polis rəisinin onun ərazisini mənimsədiyini deyir