Qorxmaz Bədəlov bacısı qızına xəsarət yetirməkdə ittiham olunur
“Məhkəmə zalında ekspertiza rəyi elan olunanda yerimdə donub qaldım. Məhkəməyə rəyin saxta olduğunu bildirdim. Hakim başını qaldırıb mən tərəfə baxmadı heç, qərarı oxuyub zaldan çıxdı”.
Gəncə şəhəri, Kəpəz rayon sakini, Birinci Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil Qorxmaz Bədəlovun şikayəti Kəpəz Rayon Məhkəməsindən, Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsi və Kəpəz Rayon Polis İdarəsindəndir.
“Yanan da mən, yaman da mən…”
O iddia edir ki, polis məhkəmə-tibbi ekspertizasının saxta rəyinə əsasən onun barəsində inzibati protokol tərtib edib, məhkəməsə həmin protokolu araşdırmadan ona cəza kəsib:
“Aramızdakı pul mübahisəsinə görə bacım qızı Müjgan İsgəndərova fevralın 14-də məndən polisə şikayət edib. Polis şöbəsində bildirmişəm ki, bəli, hələ bacımın sağlığında qızı Müjgan üçün bankdan öz adıma iki dəfə kredit götürmüşəm. Bacım yayda vəfat etdi, Müjgan bu ilin yanvarınadək bankın kreditini ödəyəndən sonra mənə bildirdi ki, daha ödəməyəcək, guya pulu özü üçün yox, anası üçün götürüb. Mən Müjgana dəfələrlə qazancı olduğunu, ödəmək imkanı olduğunu, mənimsə xəstə, əlil, ailəli, imkansız olduğumu dedim, kreditin bitməsinə hələ iki ildən çox vaxt var, mənim üzərimdə qala bilməz. Beləcə aramızda mübahisə olub və mən onu döyməmişəm, sözümü deyib, çıxıb getmişəm. Polis dedi, narahat olma, izahatını yaz, get…”
“Hakim məni dinləmədi”
Qorxmaz Bədəlov deyir, izahatını yazıb və gedib. Fevralın 28-də məhkəmədə protokol elan olunanda təəccüblənib:
“Məhkəmədə dedi, qapı döyüldü, açdım, vurub gözümün altını göyərtdi, getdi… Guya xəsarət yetirilməsi ekspertiza rəyi ilə təsdiqlənib. Halbuki, o rəy də saxtadır. Polis ekspertlə əlbir olub, o saxta rəyi alıb. Bunu hansı marağa görə ediblər, bircə özləri bilir. Dedim, hörmətli məhkəmə, hanı bunun şahidi, hanı bunun sübutu? Polis məni adam döyməkdə günahlandırırsa, bunu sübut etməlidir. Bu protokol saxtadır, bu qadın məni şərləyir ki, bir də qorxudan qapısına yaxın getməyim, qarşıdakı 2 ilin kreditini özüm ödəyim”.
Qorxmaz Bədəlovun sözlərinə görə, hakim onu dinləməyib, qərarı elan edib. Məhkəmə Qorxmaz Bədəlova İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsiylə 300 manat cərimə kəsib. Qorxmaz Bədəlov məhkəmə izahatında göstərib ki, protokolda yazılanlarla razılaşmır. Ancaq deməsinə görə, hakim onu dinləməyib:
“İndi mən həm 300 manat cəriməni ödəməliyəm, həm də bankdan başqası üçün götürdyüm krediti… Toğrul adında polis işçisi məni məhkəməyə aparanda demişdi ki, narahat olma, hər şey yaxşı olacaq, hamı bilir ki, təqsirsizsən. Ancaq məhkəmədən çıxanda dedi, günah özündədir, gərək təqsirsiz olduğunu sübut edə biləydin…”
Müjgan İsgəndərova məhkəmə izahatında bildirib ki, mərhun anasının dayısına olan borcun ödənilməsinə görə aralarında münaqişə olub. Dayısı ona qarşı nalayiq ifadələr işlədib, onu döyüb.
Kəpəz Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, bu inzibati iş İTB-nin polis sahə rəisi, polis kapitanı Toğrul Həsənovun icraatında olub. Sahə rəisi vətəndaş Müjgan İsgəndərovanın şikayət ərizəsi əsasında araşdırma aparıb, fevralın 16-da məhkəmə-tibbi ekspertizasının verdiyi rəydə vətəndaşın sağ gözünün ətrafındakı xəsarət izləri təsdiqlənib. Ancaq Qorxmaz Bədəlovun əməlində cinayət tərkibi olmadığına görə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğuna görə protokol tərtib edilib və məhkəmə onu 300 manat cərimələyib. Əgər məhkəmə qərarıyla razı deyilsə, qərardan apelyasiya şikayəti verə bilər.
Qorxmaz Bədəlov qərardan Gəncə Apelyasiya Məhkəməsinə şikayət verib.