Gəncə sakini: Bir qardaşım şəhid oldu, o biri də meyiti görüb havalandı…

“Heyvanla elə davranmazlar”

Source: Specify Source


“Qazax Rayonlararası Ruhi Xəstəxanasında qardaşımla çox pis davranırlar”

Sevil Səmədova Qazax Rayonlararası Ruhi Xəstəxanadan şikayətlənir. O, müalicə müəssisəsində olan qardaşı Rövşən Səmədova qarşı münasibətin çox pis olduğunu iddia edir.


“Ata-anam heç qardaşımın ilinə qədər dözə bilmədi”

Sevil Səmədova danışır ki, böyük qardaşı İlham Səmədov Birinci Qarabağ Müharibəsində həlak olub. O, 1993-cü Tovuzun Əlibəyli kəndi uğrunda döyüşlərdə həyatını itirib. Bacısının sözlərinə görə, tank komandiri olan İlham Səmədov Moskvada təhsil alırmış, oradan gəlib birbaşa döyüşlərə yollanıb. Kiçik qardaş Rövşən o zaman qardaşının ölümünə görə çox sarsılıb. Bundan sonra psixi durumu xeyli korlanıb: “Meyiti görəndə havalanmışdı. Əvvəl uzun müddət evdə qaldı. Müalicə elətdirirdik. Nə bacardıqsa, elədik. Çox çalışdıq ki, düzəlsin. Altı-yeddi il olar, ruhi xəstəxanaya yerləşdirmişik. 36 yaşı var. O hadisədən sonra heç cür normal həyata qayıda bilmədi. Ata-anam da o zaman qardaşımın ölümünə dözmədi, heç ilinə qədər tab gətirə bilmədilər, öldülər. Ailəmiz darmadağın oldu…”


“Mənim yanımda o cür davranan görün mən olmayanda nə edir…”

Rövşən Səmədov təxminən 6 il əvvəl Qazax Rayonlararası Ruhi Xəstəxanasına yerləşdirilib. Bacısı deyir ki, onun Gəncədəki psixiatriya xəstəxanasında qalmasını istəsə də, alınmayıb. Qazax xəstəxanasına yerləşdirməkdən başqa çarəsi olmayıb: “Mən ailə qurduğuma görə Gəncədə yaşayıram. Qardaşım Tovuz rayonunda qeydiyyatda olduğuna görə Gəncədəki xəstəxanaya yerləşdirə bilmədik. Qazaxdakı xəstəxanaya göndərdilər, çünki regionaldır. Ayda bir dəfə gedirəm. Gedəndə də görüş otağında elə davranış görürəm ki, növbəti bir ayda – görüş vaxtı çatana qədər nigaran qalıram. Fikirləşirəm ki, görəsən başına nə gəldi.

Untitled design (4).png
İlham Səmədov

Demirəm ki, yemək vermirlər, ac saxlayırlar. Gedəndə ev yeməyi də aparıram. Sadəcə, çox insafsız davranış görürəm. Qatı cinayətkarla elə davranmırlar heç. Beş dəqiqə vaxt vermir ki, hal-əhval tutum, yeməyini yedirim, vəziyyətindən xəbərdar olum. Yarım saat vaxtımız olmur ki, bacı-qardaş həmsöhbət olaq, dərdini desin mənə. Tam anlaqsız deyil, ağlı gedib-gəlir. Ağlayıb yalvarır ki, mənə yemək gətirmə, Kəmalə xanım mənə gün vermir. Öz yanımda o cür davranan, görün mən olmayanda nə edir…”


“Nə qədər dedim ki, belə eləməyin, yazıqdı, xeyri olmadı…”

Sevil Səmədova Kəmalə adlı tibb işçisi ilə dil tapmağa çalışdığını deyir. Onun sözlərinə görə, heç cür anlaşa bilməyiblər: “İzah eləyə bilmədim ki, bunu onsuz da Allah bədbəxt eləyib, sən ondan nə istəyirsən? Mənim yanımda ağzına gələni deyir. Deyirəm ki, mənim yanımda bu cür davranırsansa, təsəvvür edirəm ki, mən gedəndən sonra başına nə oyun gətirirsiz. Nə qədər dedim ki, belə eləməyin, yazıqdı, insandı, xeyri olmadı. Heyvanla elə davranmazlar. Deyir ki, mənə ağzına gələni deyir. Deyirəm, bu adamla niyə belə davranırsan? Yeməyini niyə vermirsən? Mənim qardaşlarım bu ölkənin uğrunda belə olub. Ona qarşı davranışdan narazıyam. Belə münasibətə layiq deyilik”.

Untitled design (3).png
Rövşən Səmədov


“Nə görüş veririk, nə də ərzaq qəbul eləyirik”

Qazax Rayonlararsı Ruhi Xəstəxanasının baş həkimi Ramiz Mansurov Meydan TV-yə açıqlamasında orada saxlanılan xəstələrə qarşı pis davranış haqda iddialarla razılaşmayıb: “Kəmalə xanım xəstələri onların yaxınları ilə görüşdürür. Əvvəllər yemək də verirdi. Xəstəxananın özündə hər şey var. Kiminsə kənardan nəsə gətirməsinə ehtiyac yoxdu. Karantin günlərində nə görüş veririk, nə də ərzaq qəbul eləyirik. Bununla bağlı narazılıq çoxdu və ola bilər”.

Ana səhifəBölgəGəncə sakini: Bir qardaşım şəhid oldu, o biri də meyiti görüb havalandı…