Gəncə sakini: 2016-cı ildə kəsilən aliment bir dəfə də ödənilməyib

Foto: https://news.milli.az/

“Əgər bu aliment ödənilməyəcəkdisə, dövlətin adından o qərar niyə çıxarılırdı?”

“Gedirəm icra məmurlarının yanına, deyirlər, narahat olma, get, həll olunacaq, gəl ki, 5 ildir heç nə həll olunmur. 102-yə də zəng vururam, dərdimi deyirəm, deyirlər, şikayətinizə baxılacaq, ancaq yenə baxılmır”.

Gəncə şəhər sakini Elza Musazadə bir neçə il əvvəl həyat yoldaşından boşanıb. İki azyaşlı övladını təkbaşına böyüdür. Deməsinə görə, 5 ildir ki, keçmiş həyat yoldaşı Ruslan Nəbiyev məhkəmənin 2016-cı ilin martında iki uşağa görə kəsdiyi cəmi 216 manat məbləğində alimenti ona ödəmir. Bu isə uşaqlarla baş-başa qalmış, onsuz da işsiz və gəlirsiz ananı daha da çıxılmaz duruma salıb:

“Qızım 9, oğlum 7 yaşındadır. Şəraitsiz, kasıb bir daxmada böyüdürəm onları… Heç o daxma da özümüzün deyil. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Belə bir vaxtda mənim azyaşlı övladlarımın haqqı olan alimentin də ödənilməməsi bizi daha çətin duruma salıb. Mən uşaqlarıma yedirtməyə çörək ala bilmirəm. Kağız üzərində kəsilən aliment bircə dəfə də ödənilməyib. Əgər bu aliment ödənilməyəcəkdisə, dövlətin adından o qərar niyə çıxarılırdı?”

Məhkəmə qərardad çıxarıb

2018-ci ildə Elza Musazadənin şikayətlərindən sonra Gəncə şəhəri üzrə icra idarəsinin icra məmuru Anar Hüseynov Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə təqdimatla müraciət edib. Məhkəmədən Ruslan Nəbiyevin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş edib. Məhkəmə təqdimatı təmin edib.

Hüquqşünas Namizəd Səfərov deyir, alimentlərin icrası ilə bağı problem yarandıqda yığılmış alimentin məbləğini həmin şəxsin mülkiyyətində olan əmlaka yönəltmək mümkündür:

“Azərbaycanda bir çox şəxs iş yerlərini və gəlirlərini gizlədir. Hətta, belə olan halda məhkəmələr yaşayış minimumu məbləğində hər bir uşaq üçün aliment kəsirlər. Şəxsin gəliri olmasa belə, məhkəmələr onun barəsində ölkə üzrə müəyyən olunmuş yaşayış minimumu məbləğində aliment kəsirlər. Hətta, valideyn işləməsə belə məhkəmə tərəfindən təyin edilən məbləği ödəməyə borcludur”.

Hüquqşünasın sözlərinə görə, alimenti ödəməkdən boyun qaçıran şəxsin adına avtomobil, ev və ya digər əmlak varsa, uşaqla qalan valideyn həmin alimenti atanın əmlakına yönəldə və onu məhkəmə qaydası ilə tələb edə bilər. Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsindən isə Meydan TV-yə bildirilib ki, Elza Musazadənin məhkəmə qərarının icrasıyla bağlı müraciətinə idarədə baxılıb. Görülmüş icra tədbirləri nəticəsində borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməyib. Borclunun yeri məlum olmadığı üçün icra məmuru tərəfindən onun axtarılması barədə qərar qəbul edilərək Kəpəz Rayon Polis İdarəsinə göndərilib və barəsində axtarış işi açılıb. İcra işi Gəncə şəhəri üzrə İcra İdarəsinin nəzarətindədir.
Elza xanım deyir, idarə bir neçə ay əvvəl ona göndərdiyi məktubda borclunun Rusiya Federasiyasında olduğunu müəyyən edib: “Yazıblar ki, borclu 2016-cı ildən Rusiyadadır. Əgər bu adam 5 ildir Rusiyadadırsa, o zaman onu niyə yalnız Azərbaycan daxilində axtarışa veriblər, anlamıram”.

Namizəd Səfərov
Foto: Amerikanın səsi

İcra idarəsi bildirir ki, idarə axtarış qərarını polis orqanına göndərir, şəxsin hansı şəkildə axtarılmasına müdaxilə etmək səlahiyyəti yoxdur.

Ödənilməyən alimentin cəzası

Hüquqşünas Namizəd Səfərov deyir, alimentin ödənilməməsi məhkəmə qərarının icra edilməməsidir, bu isə inzibati və cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528-ci maddəsinə görə, məhkəmə qərarının icra edilməməsi cərimə və ya bir aya qədər inzibati həbs cəzası nəticələnə bilir. Məhkəmə qərarını qəsdən icra etməyən şəxsə Cinayət Məcəlləsinin (CM) 306.1-ci maddəsinə əsasən cərimə, ictimai işlərə cəlb etmə, eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Ana səhifəSosialGəncə sakini: 2016-cı ildə kəsilən aliment bir dəfə də ödənilməyib