Gəncə məhbusu: Müstəntiq vəkilin yaxasından yapışıb divara vurdu ki, protokolları imzalamalısan

Onların işi bir neçə qrupa bölünərək, ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Source: meydan.tv


''Məni o qədər döymüşdülər ki, bədənimdəki yaralar iki aya sağaldı…''

“Məni Gəncədəki aksiyadan 13 gün sonra – iyulun 23-də Şəmkirdə işlədiyim çayxanada tutublar. Əgər günahım olsaydı, 13 gün niyə gözləyirdim, qaçıb gizlənə bilərdim. Ölkədən çıxışım da qadağan olunmamışdı. Məni tutandan sonra bir sutka döydülər. Bundan sonra müstəntiqin yanına gətirdilər. İşgəncə altında bütün sənədlərə imza atdırdılar. Sonra orada bir qadın gördüm, soruşdum ki, sən kimsən? Dedi ki, vəkil, Təzəgül Atakişiyeva. Məni o qədər döymüşdülər ki, bədənimdəki yaralar iki aya sağaldı…”, – bu, Gəncə hadisələrinə görə həbs olunmuş Vüqar Yusifovun yazılı ifadəsindən bir hissədir. O, ifadəsini iyulun 12-də yazılı şəkildə hakimlərə təqdim edib. Xahiş edib ki, hökm çıxaranda bu ifadəsini əsas götürsünlər, çünki istintaqdakı ifadəsinə işgəncə nəticəsində imza atıb.

O, Bəkrəm Əliyev, Elmir Hüseynzadə, Emil Hüseynov, Mirzə Hüseynov, Asif Cavadov, Şahin Verdiyev və Həbib Qurbanovla birlikdə mühakimə olunur. Bu qrupun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakının Sabunçu Rayon Məhkəməsində baxırlar.

İyunun 12-də hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında vəkillər cinayət işinin materiallarında olan videogörüntülərin surətinin onlara da təqdim olunması barədə vəsatət qaldırıblar. Vəkillər bildirib ki, qanun sübutların surətinin müdafiə tərəfinə də verilməsini nəzərdə tutur.

Lakin hakimlər vəsatəti təmin etməyib.

Ardınca V.Yusifovun vəkili onun yazılı ifadəsini məhkəməyə təqdim edib. Vəkil bildirib ki, müvəkkili bu ifadənin əsas götürülməsini istəyir, çünki orada başına gələnləri olduğu kimi yazıb. Hakim onun yazdıqlarını elan edib.

V.Yusifov yazıb ki, heç bir cinayət törətməyib, təqsiri yoxdur, özü də ailənin yeganə çörəkgətirənidir. Əgər azadlığa buraxılmasa, övladının təhsili də yarımçıq qalacaq. Şəmkirdə çayxanada işlədiyini bildirən V.Yusifovun sözlərinə görə, o, Şəmkirdə çayxanada işləyirdi, iyulun 10-da musiqiyə qulaq asmaq üçün “Youtube” şəbəkəsinə baxanda təsadüfən Gəncədə etiraz aksiyası keçiriləcəyi barədə elanı görüb. Özü də həmin gün Gəncəyə telefon almağa gedəcəkdi. Yolda marşrutda köhnə tanışını gördüyünü, onunla birlikdə getdiklərini deyən V.Yusifov yazır ki, axşamüstü Gəncədə çatanda Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı meydanda 50-60 nəfərin toplaşdığını görüb:

“Anidən bir qadının qışqırdığını eşitdim. Baxıb gördüm ki, bir nəfər əlində qılınc qaçır, iki nəfər də yerdə uzanıqlı vəziyyətdədir. Videodan da görünür ki, mən qaçmıram, mənimlə birlikdə olan adamı axtarıram. Əlimdə də ancaq telefondur, daş və ya başqa bir şey yoxdur. Mən bilmirdim ki, mitinqə baxmaq da cinayətdir…”

V.Yusifovun yazılı ifadəsi işə əlavə olunub.

Təqsirləndirilən Emil Məmmədovun vəkili isə onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin yekun nəticəsi məlum olana qədər valideynlərinin himayəsinə verilməsi barədə vəsatət qaldırıb. Emil həbs olunanda 16 yaşı tamam olmayıb. İstintaqda onu valieynlərinin iştirakıyla dindirməliydilər, lakin onlara məlumat verilməyib. Onunla bağlı dindirmə protokollarında icra hakimiyyətinin nümayəndəsi və psixoloqun imzası var.

Vəkil Emilin valideynlərinin himayəsinə verilməsi barədə vəsatət qaldıranda hakim Dadaş İmanov soruşub ki, onun valideyni tapılıb? Vəkil bildirib ki, onlar heç itməmişdi də, amma istintaq orqanı nədənsə, Emil tutulanda, dindiriləndə onlara bu barədə məlumat verilməyib. Hakim təəccüblə soruşub ki, əgər valideynləri varsa, bəs niyə onun məhkəməsinə gəlmirlər? Vəkil cavabında bildirib ki, gəlmək üçün yolpulu tapmırlar.

Hakimlər azyaşlının hökmə qədər valideyn nəzarətinə buraxılması barədə vəsatəti də təmin etməyiblər.

Daha sonra vəkillər Gəncənin Nizami Rayon Polis İdarəsinə, Kəpəz Rayon Polis İdarəsinə, Goranboy rayon Polis Şöbəsinə, Şəmkir Rayon Polis Şöbəsinə, Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasına sorğular göndərilməsi, oradan 2018-ci ilin iyul və avqust aylarına aid videogörüntülərin alınması barədə vəsatətlər qaldırıblar. Təqsirləndirilən şəxslər bildirirlər ki, adları çəkilən qurumlarda onlara işgəncə verilib, əgər oradakı müşahidə kameralarının lentə aldığı görüntülərə baxılsa, gerçək vəziyyət ortaya çıxar. Vəkillər Təcili Tibbi Yardım stansiyasına da sorğu göndərilməsini xahiş ediblər. Təqsirləndirilən şəxslərin sözlərinə görə, onlar işgəncə nəticəsində elə vəziyyətə düşüblər, polis idarələrinə dəfələrlə təcili yardım gəlib.

Vəkillər cinayət işinin materiallarındakı üzləşmə protokollarının sübutlar siyahısından çıxarıılması, işdəki raportları hazırlamış polis əməkdaşlarının, telefonlarda terrora çağırışların tapılması barədə rəy verən ekspertin dindirilməsi barədə də vəsatətlər qaldırıblar. Müvəkillərinin dediklərinə istinad edən vəkillər bildiriblər ki, əslində üzləşdirmə keçirilməyib.

Hakimlər bu vəsatətlərin də heç birini təmin etməyiblər.

Təqsirləndirilən şəxslər həbs olunduqları vaxt onların dindirmə protokollarına imza atmış vəkillərin məhkəməyə çağrılmasını istəyiblər. Həmin vəkillərin hamısı dövlət hesabına təyin edilmiş müdafiəçilər olub. Təqsirləndirilən şəxslərin sözlərinə görə, onların heç biri onlara vəkillik eləməyib.

Təqsirləndirilən Mirzə Hüseynov: “Məni döyüb sənədləri imzalatdırandan sonra gəlib çıxdı. Gəlib, deyirəm ki, harda qalmısan, bayaqdan burada məni öldürürlər. Mənə deyir ki, kişi deyilsən, dözəydin də…”

Təqsirləndirilən Elmir Hüseynzadə: “Mənə dövlət hesabına vəkil təyin olunmuşdu. Gələndə gördü ki, sir-sifətim nə gündədi, məni o qədər döyüb işgəncə vermişdilər, pis gündə idim. Müstəntiqə dedi ki, siz bu adama sənədləri işgəncə altında imzalatdırmısız. Mən o protokolu imzalaya bilmərəm. Müstəntiq hirsləndi. Nə qədər elədi, vəkil imzalamadı. Birdən vəkilin yaxasından yapışıb divara vurdu. Vəkil yenə imzalamadı. Gördü ki, xeyri yoxdur, kiməsə zəng elədi. Özü danışdı, sonra vəkilə verdi. Telefondakı adam nəsə dedi, ondan sonra qol çəkdi”.

Təqsirləndirilən Emil Məmmədov bildirib ki, ona dövlət hesabına müdafiəçi təyin olunmuş Xəqani Məmmədov da döyüldüyünü, işgəncəyə məruz qaldığını görüb:

“Dedi ki, eybi yox, indi imzalayaq, sonra şikayət verəcəm. Aldatdı məni, heç yerə də şikayət etmədi”.

Təqsirləndirilən şəxslərə dövlət hesabına müdafiəçi təyin olunmuş vəkillər Dərgah Mehdiyev, Hidayət Məmmədov, Xaqani Məmmədov, Araz Yusifov, Qeys Musayevin məhkəmədə dindirilməsi barədə də vəsatət qaldırılıb. Bu vəsatət də təmin olunmayıb.

Təqsirləndirilən Mirzə Hüseynov hakimlərin heç bir vəsatəti təmin etməməsinə etirazını bildirib. Hakim Dadaş İmanov onu məhkəmə zalından uzaqlaşdıraraq, prosesi onsuz davam etdirib.

2018-ci il iyulun 3-də Gəncədə icra başçısı Elmar Vəliyev və mühafizəçisinin güllələnməsi, bundan bir həftə sonra – iyulun 10-da aksiyada iki polis zabiti – İlqar Balakişiyev və Səməd Abbasovun qətlə yetirilməsilə nəticələnən hadisələrə görə 80-ə yaxın insan həbs olunub. Onların işi bir neçə qrupa bölünərək, ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Ana səhifəXəbərlərGəncə məhbusu: Müstəntiq vəkilin yaxasından yapışıb divara vurdu ki, protokolları imzalamalısan