Gəncə məhbusu: Həkim az qalırdı, məni döysün…

Məhkəmədə vəkillərin heç bir vəsatəti təmin edilməyib

Foto: Azadlıq.org

Gəncə hadisələrinə görə həbs olunan Şahin Verdiyev və Asif Cavadovun vəziyyəti məhkəmədə yenidən pisləşib. Buna görə Sabunçu Rayon Məhkəməsinə təcili tibbi yardım çağırılıb, amma adları çəkilən şəxslər və onlarla birlikdə mühakimə olunan daha 6 nəfər təcili yardımın həkimlərindən narazı qalıb. Onlar həkimlərin kobud rəftarından şikayətləniblər. Bu barədə Meydan TV-yə Gəncə məhbuslarının yaxınları məlumat verib.

“Məhkəmə günorta saat 15.00-a təyin olunmuşdu. Onları səhər tezdən Kürdəxanı təcridxanasından çıxarıb, gətirib saatlarla məhkəmədə saxlayıblar. O adamların da səhhətində problemlər var, Şahin infarkt keçirib, üzünə baxanda görünür ki, sağlamlığı qaydasında deyil. Asif nəfəs ala bilmir. Digərlərinin də səhhətində başqa problemlər var”, – yaxınları bildirib.

Məhkəmədə Şahin Verdiyev həkimlərin davranışından şikayətlənib. Bildirib ki, Təcili Tibbi Yardımın həkimləri onlara münasibətdə həkim yox, düşmən kimi davranıb.

“Bilinmir ki, bunlar həkimdilər, yoxsa düşmən. Bizə elə davrandılar, elə kobud sözlər dedilər, vəziyyətimiz düzəlməkdən, əksinə, əsəblərimizlə oynadılar. Həkim az qalırdı məni döysün. Axırda onu qovdum ki, çıxıb getsin”, – Şahin Verdiyev məhkəmədə belə deyib.

Asif Cavadov da həkimlərdən və məhkəmə günortaya təyin edildiyi halda, səhər tezdən gətirilməsindən şikayətlənib: “Elə bir vəziyyətə düşdüm ki, buradakılar mənə dərman almaq məcburiyyətində qaldı. Niyə belə olmalıdır?”

Hakim göstəriş verib ki, həkimlərin bu cür münasibəti aktlaşdırılsın.

Məhkəmədə vəkillər təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması, onların üzərindəki xəsarət izlərilə əlaqədar ekspertiza keçirilməsi, yaxınlarının hesabına özəl xəstəxanada müayinə olunmasına imkan yaradılması barədə vəsatətlər qaldırıblar. Vəkillərin bu vəsatətlərinin heç biri təmin olunmayıb.

Təqsirləndirilən şəxslərin özləri isə məhkəmə-iclas protokolları ilə tanış olmaq istəyiblər, bu barədə yazılı vəsatətlərini hakimlərə təqdim ediblər. Onlara bu məsələdə də “yox” deyilib.

Ötən ilin iyulunda Gəncədə icra başçısı və mühafizəçisinin güllələnməsi, daha sonra iyulun 10-da keçirilən aksiyaya görə 70-ə qədər adam həbs olunub. Bu ilin fevralında bir neçə cinayət işi ayrılıb. Həbs olunanlar bir neçə qrupa bölünüb. Onların işi ayrı-ayrılıqda məhkəməyə göndərilib. Bir qisim təqsirləndirilən şəxsin haqqında istintaq isə hələ də davam edir. Onların arasında icra başçısı və mühafizəçisini güllələməkdə təqsirləndirilən Yunis Səfərov da var.

İşi məhkəməyə göndərilənlərdən üç qrupun mühakiməsi başa çatıb. Onlara 5 ildən 9 ilə qədər həbs cəzası verilib.

Şahin Verdiyev, Asif Cavadov, Elmir Hüseynzadə, Bəkrəm Əliyev və daha dörd nəfərin mühakiməsi isə davam edir. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda – Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.

Ana səhifəXəbərlərGəncə məhbusu: Həkim az qalırdı, məni döysün…