Gəncə məhbuslarının saxlandığı qəfəsə gözyaşardıcı bibər qazı sıxıldı

Məhkəmədə qərar elan olunarkən insident yaşandı

Source: Meydan.tv

Avqustun 15-də Bakı Apelyasiya Məhkəməsində Gəncə məhbuslarından 11 nəfərin haqqında qərar elan olunarkən insident yaşanıb. Qərara əsasən, onların cəzası azaldılaraq, 4 il 1 aya qədər endirilsə də, həm təqsirləndirilən şəxslər, həm də onların valideynləri buna etiraz ediblər. Onlar qərarı elan edən hakimlərin növbəti dəfə sifariş yerinə yetirdiklərini, günahsız insanları həbsdə saxladıqlarını bildiriblər. Məhkəmə zalında səs-küy bir neçə dəqiqə davam edib. Penitensiar Xidmətin əməkdaşları 11 nəfər təqsirləndirilən şəxsin saxlandığı dəmir qəfəsə gözyaşardıcı bibər qazı sıxıblar. Nəticədə dəmir qəfəsdə olan məhkumlar boğulmağa başlayıb, valideynləri zorla məhkəmə zalından çıxarıblar. Onlar etirazlarını məhkəmə binasının qarşısında davam etdiriblər. Bildiriblər ki, Azərbaycan hökuməti Gəncədəki etirazların sabiq icra başçısı Elmar Vəliyevin zalımlığı üzündən baş verdiyini pərdələməkdən ötrü günahsız insanları həbsə atıb, terror şousu yaratdı.

Gəncə Apelyasiya Məhkəməsinin 15 avqust qərarına əsasən, 11 nəfərin – Maarif Hacıyev, Şahlar Rzayev, Kamal Məhərrəmov, Orxan Yağnəliyev, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Toğrul Verdiyev, Seymur Əliyev, Araz Həsənov və Vaqif Əşrəfovun haqqında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişib.

Onlar Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 220.1 və 315.2 maddələrilə – ötən il iyulun 10-da Gəncədə kütləvi iğtişaşların təşkili və həmin vaxt polis əməkdaşlarına müqavimət göstərib, onların sağlamlıqlarına ziyan vurmaqda təqsirli bilinərək məhkum olunublar. Hökmə əsasən, Maarif Hacıyev 9 il, Şahlar Rzayev, Kamal Məhərrəmov və Orxan Yağnəliyev 8 il 6 ay, Ruslan Həsənov, Tural Bayramov, Nizami Əkbərov, Toğrul Verdiyev və Seymur Əliyev 8 il, Araz Həsənov və Vaqif Əşrəfov 7 il 6 ay azadıqdan məhrum edilib.

Gəncə Apelyasiya Məhkəməsi isə bugünkü qərarında 315-ci maddə ilə verilən ittihamı bu maddənin ikinci bəndindən birinci bəndinə tövsif edib. Maarif Hacıyevin cəzası 5 ilə, Orxan Yağnəliyevin cəzası 4 il 7 aya, Seymur Əliyev, Nizami Əkbərov, Şahlar Rzayev, Ruslan Həsənov və Toğrul Verdiyevin cəzası 4 il 6 aya, Araz Həsənov, Kamal Məhərrəmov, Tural Bayramov və Vaqif Əşrəfovun cəzası isə 4 il 1 aya endirilib.

Lakin təqsirləndirilən şəxslər son sözlərində təqsirsiz olduqlarını bildirib, bəraət istəmişdilər. Bildirmişdilər ki, onların özlərinə qarşı cinayət baş verib – heç bir qanun pozuntusuna yol vermədikləri halda, işgəncəyə məruz qalıblar.

Fəhlə işlədiyini, iki övlad atası olduğunu söyləyən Nizami Əkbərov hakimləri ədalətli olmağa çağırıb: “Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri ədalətsizlik elədi, heç olmasa, siz eləməyin”.

Kamal Məhərrəmov bildirib ki, onun günahsız həbs olunmasına anasının ürəyi dözmədi, yeddi ay öncə vəfat etdi: “Anamın dəfnində də iştirak edə bilmədim”.

Ana səhifəXəbərlərGəncə məhbuslarının saxlandığı qəfəsə gözyaşardıcı bibər qazı sıxıldı