Gəncə məhbusları ilə bağlı qərar elan edildi

“Mən gözləyirdim ki, bu gün oğlumun əlindən tutub evə apararam”.

Source: google.az


Jurnalistlər məhkəməyə buraxılmayıb

Gəncə hadisələrinə görə həbs olunub, 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilmiş 8 nəfərlik daha bir qrupun şikayəti üzrə apelyasiya məhkəməsi başa çatıb. Avqustun 26-da Gəncə Apelyasiya Məhkəməsinin hakimi Əlizamin Abdullayevin sədrliyilə çıxarılan qərar Bakı Apelyasiya Məhkəməsində elan olunub.

Hakim göstəriş verib ki, məhkəməyə jurnalistlər buraxılmasın.

Məhkəmədə təqsirləndirilən şəxslər – Elman Quliyev, Fikrət Mirzəliyev, Səbuhi Rəcəbov, Eyruz Hacıyev, Cabir və Sabir Əzizov qardaşları, Riya və Gülmirzə Nuruzadə qardaşları son sözlərini deyiblər. Onlar günahsız olduqlarını, heç bir cinayət törətmədikləri halda, bir il iki aydır həbsdə saxlandıqlarını bildiriblər.

Təqsirləndirilən şəxslər Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevin güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyaya görə Cinayət Məcəlləsinin 220.1-ci (kütləvi iğtişaşların təşkili) maddəsilə ittiham olunublar. Lakin təqsirləndirilən şəxslər bildirirlər ki, onların heç biri həmin aksiyada iştirak etməyiblər. Onların əksəriyyəti Sumqayıt şəhərində, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayır. Son sözlərində də bildiriblər ki, həmin gün Qərb bölgəsinə gəzməyə gedərkən günorta Gəncədə Xan bağında çay içməyə dayanıblar. Elə həmin vaxt da tutulublar. Əvvəlcə onlara 15-20 sutka inzibati həbs cəzası verilib. Lakin məhkəmədən onları təcridxanaya yox, polis idarəsinə gətirib, orada işgəncələr veriblər, onları Gəncəyə iğtişaşlarda iştirak etmək üçün Elman Quliyevin göndərməsi barədə ifadələrə imza atdırıblar.

Elman Quliyev Sumqayıt Dövlət Universitetində müəllim işləyib. Digər təqsirləndirilən şəxslər Gəncədə saxlanılarkən onlarla birlikdə olmayıb. Onlar deyirlər ki, E.Quliyevi məhkəmədə tanıyıblar, əvvəldən onunla tanışlıqları olmasa da, işgəncə altında əleyhinə ifadələri imzalamağa məcbur olublar.

Təqsirləndirilən şəxslərin son sözlərindən qısa müddət sonra qərar elan edilib. Qərara əsasən, Elman Quliyevdən başqa, digər 7 nəfərin ittihamı yüngülləşdirilib – onlar kütləvi iğtişaşların təşkilində yox, kütləvi iğtişaşlarda iştiraka cəhddə təqsirli sayılıblar. Onların haqqında Gəncə Hərbi Məhkəməsinin çıxardığı cəzalar da dəyişib. Elman Quliyevin cəzası 8 ildən 5 ilə, Riya Nurzadə və Cabir Əzizovun cəzası 5 ildən 1 il 6 aya, Gülmirzə Nurzadə, Fikrət Mirzəliyev, Eyruz Hacıyev, Səbuhi Rəcəbov və Sabir əzizovun cəzası isə 6 ildən 2 il 6 aya endirilib.

E.Hacıyevin qardaşı Yasər Hacıyev jurnalistlərə açıqlamasında qərardan narazı qaldıqlarını bildirib: “Ədalətsiz, sifarişli qərardır. Gəzməyə gedib çay içənə 2 il 6 ay cəza verərlər? Yenə “cinayətkar” adını onların üstündə saxladılar”.

E.Hacıyevin anası da oğlunun günahsız olduğunu bildirib. Deyib ki, oğlunun günahı varsa, bunu təsdiqləyən sübutun ortaya qoyulmasını tələb edir:

“Mən gözləyirdim ki, bu gün oğlumun əlindən tutub evə apararam. Mənim balamın günahı yoxdur. Nə kamera görüntüsü, nə sübut var”.

Yaxınları bu qərardan Ali Məhkəməyə şikayət verəcəklərini bildiriblər.

Ana səhifəXəbərlərGəncə məhbusları ilə bağlı qərar elan edildi