Gəncə hadisələrinə görə həbs olunanlardan birinin vəziyyətinin ağırlaşdığı deyilir

Övladlarının şərlənib həbs olunmasına, ağır işgəncələrə məruz qalmasına dözə bilməyən bəzi valideynlər dünyasını dəyişib, bəziləri iflic olub, başqa ağır xəstəliklər keçirənlər var

Source:


''Hamısı onlara verilən işgəncələrin nəticəsidir''

Ötən ilin iyulunda Gəncə hadisələrilə əlaqədar həbs olunanlardan Şahin Verdiyevin səhhətində ciddi problemlər yaranıb. Onun yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, Ş.Vəliyev infarkt keçirib, elə bir vəziyyətdə olub ki, onu saxlandığı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürməli olublar.

Yaxınları deyir ki, Ş.Verdiyev hələ ötən həftə təcridxanada anasıyla görüşəndə, daha sonra telefonla ailə üzvlərilə əlaqə saxlayanda durumunun yaxşı olmadığını söyləyib: “Həftəsonu ona təcridxanada tibbi yardım göstərilsə də, vəziyyəti düzəlməyib. Ona görə məcbur olub, Müalicə Müəssisəsinə köçürüblər. Mikroinfarkt keçirib, bədəninin bir hissəsi sanki quruyub, dili tutulub. Ailəsilə danışanda da vəziyyətini çox çətinliklə izah edib”.

Yaxınları hesab edir ki, baş verənlər Ş.Verdiyevin həbs olunduqdan sonra Gəncədə – Nizami Rayon Polis Şöbəsində onun başına gətirilənlərin fəsadıdır: “Hamısı onlara verilən işgəncələrin nəticəsidir. Şahinin, ümumiyyətlə, Gəncə hadisələrinə görə həbs olunanların başına elə oyunlar açıblar ki, deyiləsi deyil. Şahinə elektroşoka qədər veriblər. Onun əllərini qandallayıb o qədər döyüblər ki, üstünə təcili yardım gəlməli olub”.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə Azadlıq Radiosuna Ş.Verdiyevin səhhətində yaranmış problemlərlə əlaqədar Müalicə Müəssisəsinə köçürüldüyünü təsdiqləsə də, onun infarkt keçirməsi haqda məlumatın doğru olmadığını deyib: “Ola bilsin, yaxınları düzgün başa düşməyib. Təzyiqi nisbətən yüksəlmişdi. Təcridxanada da ona lazımi tibbi yardım göstərilib. Orada da vəziyyəti normallaşacaqdı. Müalicə Müəssisəsinə köçürülüb ki, orada imkanlar daha genişdir, mütəxəssislər ətraflı müayinə eləsinlər. Hazırda həyati təhlükəli hal yoxdur, vəziyyəti stabildir”.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev də “Facebook” səhifəsində bu məsələyə münasibət bildirərək yazır ki, ümumiyyətlə, Gəncə hadisələrinə görə həbs olunmuş şəxslərlə bağlı həyəcanlı məlumatlar gəlir:

“Övladlarının şərlənib həbs olunmasına, ağır işgəncələrə məruz qalmasına dözə bilməyən bəzi valideynlər dünyasını dəyişib, bəziləri iflic olub, başqa ağır xəstəliklər keçirənlər var. Təəssüf ki, bu ağır mənzərə davam etməkdədir. Verdiyev Şahin Səməndər oğlu da üzləşdiyi iztirablara dözməyərək infarkt keçirib. Vəziyyəti ağır olan Şahini Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Verilən məlumatlara görə, onun kürək nahiyəsi göyərib, danışığını itirib, güclü ağrıları var. Görürsünüzmü, insanlarımıza necə zülm edirlər, onların necə axırına çıxmağa çalışırlar. Gərək bu zülmə, insanlığa qarşı işlədilən cinayətə heç kəs göz yummasın. Biz bir daha tələb edirik ki, Gəncə işi ilə bağlı məhkəmələr ədalətli keçirilsin, günahsız həbs edilən bütün şəxslər dərhal azadlığa buraxılsın”.

Ş.Verdiyev Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd), 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) və başqa maddələrlə ittiham olunur. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında baxırlar.

Ana səhifəXəbərlərGəncə hadisələrinə görə həbs olunanlardan birinin vəziyyətinin ağırlaşdığı deyilir