Gəncə

Mənbə: meydan tv

Başlıq: Gəncə

Gəncə hadisələrinə görə həbs olunanın anası: Oğlum sanki insanlıqdan çıxıb...

Məqalə yeniləndi:  15 May 2019

Müşfiq Qurbanov Moskvada həbs olunub

“Gəncədə o hadisələr olmamışdan ilyarım əvvəl çıxan adamı şərləyib tutublar. Bu, nə məntiqə sığır, nə qanuna. Onsuz da xəstə idi. Həbsdə olduğu müddətdə sanki lap insanlıqdan çıxıb. İnsana belə zülm eləməzlər axı”, - Ənisa Qurbanova oğlu Müşfiq haqqında danışır.

41 yaşlı Müşfiq Qurbanov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərov və başqalarıyla birlikdə mütəşəkkil dəstənin tərkibində qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur. O, 7 aydır ki, həbsdədir, lakin Azərbaycanda yox, Moskvada. İyulda Gəncə hadisələrindən sonra beynəlxalq axtarışa verilən M.Qurbanov oktyabrın 24-də Moskvada həbs olunub.

Anası danışır ki, Müşfiq dolanışıq ucbatından hələ 2017-ci ilin fevralında Azərbaycandan gedib. Oğlunun səhhətində ciddi problemlər olduğunu, onun psixi xəstəliklərdən də əziyyət çəkdiyini deyən Ənisa Qurbanovanın sözlərinə görə, bunu təsdiqləyən tibbi sənədlər də var:

“Özü xəstə adamdı, iki balaca övladı da var. Gördük ki, dolanışıq mümkün deyil, 2016-cı ildə Moskvaya getdi ki, bəlkə nəsə iş tapa bildi. Üç ay qalmağa icazə vardı, o müddətdə işə düzələ bilmədi, vaxt da bitdi, qayıtdı. Bir də 2017-ci il fevralın 17-də ailəvi getdilər. Uşaq heç olmasa, ibtidai təhsili olsun deyə, 2018-ci ildə dördüncü sinfi bitirənə qədər mənimlə qaldı. Atasıgil isə Moskvada. Yayda Gəncədə o hadisə olanda da mən nəvəmlə birlikdə idim”.

Müşfiq Qurbanov

Müşfiq Qurbanov

Mənbə: meydan.tv

A.Qurbanovanın sözlərinə görə, iyulun 3-də icra başçısı güllələnəndən sonra, iyulun 7-də polislər qohumlarıgilə gedib, həm Müşfiqi, həm də digər qardaşını soruşublar. Qohumlar da cavab veriblər ki, onlar Azərbaycanda yaşamırlar.

A.Qurbanova deyir ki, iyulun 17-də o, nəvəsini də götürüb, Moskvaya gedib. Üç ay sonra – oktyabrın 24-də oğlu uşaqlarıyla birlikdə evə qayıdanda yaşadığı binanın qarşısında onu mülki geyimdə olan polis əməkdaşları tutub aparıblar: “Oğlum siqaret alıb nəvələrimə tərəf gələndə onu tutub, maşına basıb aparıblar. Nəvəm zəng eləyib dedi ki, ay nənə, atamı apardılar. O biri oğlum fikirləşdi ki, bəlkə qonşular şikayət eləyib? Dedim ki, qonşular şikayət eləsəydi, polis gəlib danışdırardı, bu, nəsə başqa məsələdi. Uzun müddət zəng eləmədi. Bir xeyli keçəndən sonra zəng elədi, danışdı ki, mənə deyirlər, Azərbaycan səni bu hadisələrə görə axtarışa verib”.

Anası əminliklə bildirir ki, oğlunun E.Vəliyevi güllələməkdə ittiham olunan Yunis Səfərovla heç tanışlığı olmayıb. Ancaq ailənin başqa ehtimalı var:

“Başımıza bu iş gələndən sonra Bakıda işləyən bir vəkilə zəng elədik. Yunis və onunla birlikdə günahlandırılan 9 nəfərin adını çəkdi ki, bunlardan hansıylasa Müşfiqin tanışlığı olubmu? Onların arasında Hamlet adlı biri var idi (Hamlet Abdullayev nəzərdə tutulur). Onda bu biri oğlum dedi ki, bircə Hamlet adı tanış gəldi. Çünki bu oğlumun “Whatsapp” nömrəsinə bir dəfə tanımadığı nömrədən zəng gəlib. Zəng edən adam deyib ki, Hamletdi, Müşfiqin nömrəsini istəyib. Bu oğlum heç cavab verməyib. Bundan sonra o səsi bir də tapıb qulaq asdıq, gördük ki, başqa heç nə, bir nömrə istəyib, oğlum da cavab verməyib”.

arayış

arayış

Mənbə: meydan.tv

H.Abdullayevin M.Qurbanovu hardan, necə tanımasına gəlincə, A.Qurbanova bildirir ki, Gəncədə bir qonşuları vardı, oğlu onun vasitəsilə Hamletlə tanış olub:

“O qonşumuz namaz qılan idi. Hamlet də onun tanışı olub. Bir dəfə üçü birlikdə oturub çay içiblər. Ona görə ehtimal edirik ki, yəqin Hamletlə o bir dəfə tanışlığa görə ola bilər. Çünki başqa heç nə olmayıb. Müşfiq özü başqasına möhtac, ələ baxan idi. Pulu yox idi ki, kimisə maliyyələşdirsin, nəsə pis bir iş görsün”.

A.Qurbanovanın sözlərinə görə, onun oğlu da inanclı olub, namaz qılır, saqqal saxlayırmış. Hətta buna görə bir neçə dəfə Gəncədə polislərlə problem də yaşayıb:

“Saqqal saxladığına görə başına oyun gətirirdilər. Bir neçə dəfə tutub aparmışdılar. Bir dəfə də özüm getdim. Rəis dedi: “üzünü qırx”. Bu da cavab verdi ki, mənim üzüm kimə neyləyir? Rəis dedi: “çəkirlər, yayırlar, potensial terrorçular ölkəsi kimi qələmə verirlər, bir də üzünü qırxmasan, məndən incimə”. Bu, beş-altı il əvvəl olardı. Sonra bir dəfə də saqqalına görə ona ilişdilər. 5-6 polis onu tutub döydü, adını da qoydular ki, guya bu, onları döyüb. Halbuki, özləri döymüşdülər. Birtəhər yenə qurtardıq. Düşünürəm ki, o vaxtdan da dilə-ağıza düşüb, hadisə olanda bunu da qurban seçiblər”.

M.Qurbanov 2018-ci il oktyabrın 24-də saxlanılanda əvvəlcə onun haqqında bir aylıq həbs qərarı verilib. Sonra müddət daha beş ay artırılıb ki, bu müddətdə onun təhvil verilməsi üçün kifayət qədər sübutlar təqdim olunsun. Aprelin 24-də müddət tamam olub. Moskva məhkəməsi təqdim edilən sənədləri yetərli saymayıb. M.Qurbanov və vəkili onun həbsdən buraxılması barədə vəsatət versə də, məhkəmə bunu da təmin etməyib. Qərar verilib ki, saxlanma müddəti daha altı ay uzadılsın.

qərar

qərar

Mənbə: meydan.tv

“Azərbaycana sorğu göndərilir. Azərbaycan tərəfi sübutlarını təqdim eləməlidir ki, bu adamı hansı əsasla belə əməllərdə ittiham edir. Azərbaycan nə vaxt sübutlarını təqdim eləsə, o zaman təhvil verəcəklər. Ola da bilər ki, sübutlar onları qane eləməsin. Bu halda, artıq müddət tamam olanda buraxa bilərlər. Bu məhkəmədə ancaq prosedur məsələlərinə baxırlar. Moskvaya nə vaxt gəldiyini, hansı əsasla burada yaşadığını, ünvanını soruşdular. Prokuror deyəndə ki, “qaçıb gəlib”, oğlum cavab verdi ki, “xeyr, mən qaçmamışam”, - deyə A.Qurbanova bildirir.

Oğlunun həbsindən sonra 4 ay onunla görüşə bilmədiklərini, ancaq ara-sıra telefonla danışdıqlarını deyən ananın sözlərinə görə, onsuz da səhhətində problemlər olan M.Qurbanovun durumu daha da ağırlaşıb:

“Arada telefonla danışırdıq. Bir ay, ümumiyyətlə, əlaqə kəsildi. Az qalırdı ürəyim partlasın. Sovqat götürürdülər, ancaq əlaqə yox idi. Kənardan söz-söhbət eşitdik ki, karsa salıblar. Oğlum rəislə görüşdü, dedi, yalandır. Sonra öyrəndik ki, görüş düşür. Prokuror icazə verdi, görüşdük. Bu dəfə məhkəmədə gördüm, sanki insanlıqdan çıxıb. Axı xəstə adamdı. Xəstəni aylarla qapalı vəziyyətdə saxlamaq nə deməkdir? Bir dəfə təcridxanada damarını kəsməyə cəhd edib. Sonra vəkil soruşub ki, niyə belə edir. Deyib: “Mənim heç bir günahım yoxdur, niyə görə nahaqdan cəza çəkməliyəm?””

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 May 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0g9ym7

Ən çox baxılan