Mənbə: Meydan Tv

Gəncə hadisələrinə görə daha 8 nəfərə 16 ilə qədər həbs tələbi

Həbs olunanlar arasında yetkinlik yaşına çatmayan da var

Gəncə hadisələrinə görə həbs olunan 8 nəfərlik daha bir qrupun məhkəməsi yekunlaşır. Təqsirləndirilən şəxslər Bəkrəm Əliyev, Həbib Qurbanov, Elmir Hüseynzadə, Vüqar Yusifov, Şahin Verdiyev, Emil Məmmədov, Mirzə Hüseynov və Asif Cavadovun işi üzrə məhkəmə istintaqı başa çatıb.

Sentyabrın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmədə prokuror çıxış edib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsinin bir neçə bəndi, 220.1 (kütləvi iğtişaşları təşkil etmə və ya iştirak), 228.4 (qaz silahı, soyuq silah əldə etmə, satma və ya gəzdirmə) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

Prokuror iddia edib ki, ittihamlar məhkəmə istintaqında da sübuta yetirilib. O, bu maddələrlə Bəkrəm Əliyevin 16, Həbib Qurbanovun isə 15 il azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən şəxslərin üzərindən qəsdən adam öldürməyə cəhd ittihamının götürülməsini məqsədəuyğun sayan prokuror qalan maddələrlə Mirzə Hüseynovun 8 il, Asif Cavadov və Elmir Hüseynzadənin 7 il, Şahin Verdiyev və Vüqar Yusifovun 6 il, Emil Məmmədovun 5 il azadlıqdan məhrum olunmasını təklif edib. Prokurorun fikrincə, Bəkrəm Əliyevlə Həbib Qurbanovun ciddi rejimli, 5 nəfərin ümumi rejimli, Emil Məmmədovun isə tərbiyə müəssisəsində saxlanmalıdır.

Emil Məmmədov həbs edilərkən 15 yaşında olub. 2002-ci il təvəllüdlü Emil hələ də yetkinlik yaşına çatmayıb.

Məhkəmə prosesi sentyabrın 6-da vəkillərin çıxışı ilə davam edəcək.

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, günahsız olduqlarını, heç bir cinayət törətmədiklərini bildirirlər. Məhkəmədə ifadə verərkən işgəncəyə məruz qalmalarından, yalan ifadələrə təzyiq altında imza atmalarından danışıblar, həmin ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyiblər.

Prokuror isə onların dediklərini özünümüdafiə cəhdi kimi qiymətləndirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nt59f5

Ən çox baxılan