Mədət Quliyev: “Dini radikalların hüquqazidd əməlləri özünü bu ilin iyul ayında göstərib”
“Azərbaycanda dini radikalların və ekstremistlərin hüquqazidd əməlləri özünü daha qabarıq şəkildə bu ilin iyul ayında göstərib. Respublikanın ikinci böyük şəhəri olan Gəncədə ictimai-siyasi sabitliyin pozulmasına cəhd olunub. Azərbaycanın hüquq-mühafizə orqanlarının birgə əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ağır cinayətlər törədən 60-dan artıq şəxs həbs olunub, silahlı müqavimət göstərən 5 nəfər (Baş Prokurorluğun məlumatında 6 nəfərin öldürüldüyü göstərilir- red.) məhv edilib”.
Bu sözləri noyabrın 14-də Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının (Türkon) XXI iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Mədət Quliyev deyib.
DTX-nin İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, M.Quliyev tədbirdə “Beynəlxalq terrorçu təşkilatlardakı bəzi tendensiyalara və Azərbaycanda ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi cəhdlərinə dair” mövzuda çıxış edib.
Məlumatda o da deyilir ki, Mədət Quliyevin tərəfdaş xüsusi xidmət orqanlarının nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Nəticədə Elmar Vəliyev və polis serjantı ağır bədən xəsarəti alıb və hazırda müalicəsi davam etdirilir.
Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.
Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.
Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.
Fakt üzrə Azərbaycan Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hadisələr
dən sonra hüquq- mühafizə orqanlarının əməkdaşlarının əmrinə tabe olmayaraq silahlı müqavimət göstərən 6 şəxsin öldürüldüyü bildirilir.