Təqsirləndirilən şəxslərdən biri sudurqa keçirib, başqa birisi intihar edəcəyini deyib
Sabunçu Rayon Məhkəməsində Gəncə hadisələrinə görə həbs olunmuş şəxslərdən 8 nəfərdən ibarət iki ayrı qrupun mühakiməsi mayın 1-də davam etdirilib. Bu qruplardan birinin işi üzrə məhkəmə iclasında qalmaqal yaşanıb. Çünki təqsirləndirilən şəxslərdən biri – Şahin Verdiyev çox ağır vəziyyətdə olmasına baxmayaraq, məhkəməyə gətirilib.
Ş.Verdiyevi məhkəmə zalına iki nəfər əllərində gətirib. O, nəinki ayaq üstdə durmaqda, hətta oturmaqda da çətinlik çəkib. Əyləşdiyi oturacaqdan aşmaması üçün iki nəfər onun yanında dayanıb. Danışmaqda da çətinlik çəkən
Ş.Verdiyev göyərmiş vəziyyətdə olub. Bildirib ki, bədəninin sol tərəfi quruyub.
Hakim Dadaş İmanov məhkəmə iclasına başlayanda təqsirləndirilən şəxslərin valideynləri etiraz ediblər. Bu vəziyyətdə olan adamın məhkəmə qarşısına çıxarılmasını, prosesin davam etdirilməsini qeyri-insani rəftar kimi qiymətləndiriblər. Təqsirləndirilən şəxslər də eyni mövqedən çıxış edib.
Hakim isə prosesi davam etdirməkdə israr edincə, təqsirləndirilən şəxslər daha da əsəbiləşib. Nəticədə onlardan biri – Asif Cavadov huşunu itirərək yıxılıb. Məlum olub ki, o, sudurqa keçirib. Məhkəməyə təcili tibbi yardım çağrılıb.
Bu zaman təqsirləndirilən şəxslərdən Bəkrəm Əliyev deyib ki, bir ilə yaxındır onlara zülm olunur. O, Gəncə hadisələrinə görə həbs olunanların, onların ailələrinin soyqırıma məruz qaldığını bildirib:
“Ey xalqım, bilin, ermənilərin Xocalıda elədiyi soyqırımı bunlar da bizə qarşı edir. İstər Kəpəz Rayon Polis İdarəsində, istər “bandotdel”də bizə edilənlərin soyqırımdan başqa adı yoxdur. O zülmləri hələ də davam etdirirlər”.
Təqsirləndirilən Həbib Qurbanov isə hakimə üzünü tutaraq, artıq zülmlərə, haqsızlıqlara dözə bilmədiyini, ona görə də intihar edəcəyini deyib: “Qanım da sizin üstünüzdə qalacaq”.
Məhkəmədə Ş.Verdiyev və A.Cavadova ilkin tibbi yardımdan sonra onlar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə aparılıb.
Ş.Verdiyevin yaxınları iki gün öncə Meydan TV-yə onun Bakı istintaq təcridxanasında infarkt keçirdiyini, bu üzdən Müalicə Müəssisəsinə köçürüldüyünü bildirmişdi:
”Mikroinfarkt keçirib, bədəninin bir hissəsi sanki quruyub, dili tutulub. Ailəsilə danışanda da vəziyyətini çox çətinliklə izah edib. Hamısı onlara verilən işgəncələrin nəticəsidir. Şahinin, ümumiyyətlə, Gəncə hadisələrinə görə həbs olunanların başına elə oyunlar açıblar ki, deyiləsi deyil. Şahinə elektroşoka qədər veriblər. Onun əllərini qandallayıb o qədər döyüblər ki, üstünə təcili yardım gəlməli olub”.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən isə bildirilmişdi ki, o, infarkt keçirməyib, təzyiqi yüksəlib. Lakin tibbi yardımdan sonra vəziyyəti stabilləşib.