Gəncə şəhəri

Mənbə: Meydan TV

Başlıq: Gəncə şəhəri

İlham Əliyev: Raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib (yenilənir)

Məqalə yeniləndi:  11 Oktyabr 2020

17.12. "Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır".

Bu fikirləri Azərbaycan Prezident İlham Əliyev “Twitter” hesabında yazıb.

Dövlət başçısı həmçinin qeyd edib ki, həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib.

İlham Əliyev qeyd edib ki, Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür:

“Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!”.

***

13.55. Azərbaycan Baş Prokurorluğu 27 sentyabr - 11oktyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin raket atəşləri nəticəsində ölən və yaralanan dinc əhalinin sayını açıqlayıb.

Baş Prokurorluq 41 dinc sakinin həlak olduğunu, 205 sakinin yaralandığını bildirib:

“Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1 165, çoxmənzilli yaşayış binalarının sayı 57, mülki obyektlərin sayı isə 146 olub”.

***

12.58. XİN: Ermənistan üzərinə ağ bayraq sancılmış sanitar maşını atəşə tutub

“Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarçılığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 11-də yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda qeyd olunub ki, 11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb. Bu hücum nəticəsində 9 mülki şəxs həlak olub, aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfər yaralanıb:

“Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib. Suqovşan ərazisində erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində bir tibbi xidmət qulluqçusu ağır yaralanıb”.

Nazirlik bidirib ki, bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərindədir:

“Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutması ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymadığını, öz öhdəliklərini aşkarcasına pozduğunu və adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirir”.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda olan, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub:

“16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir”.

***

10.46. "Azərtac"-ın hadisə yerində olan müxbiri xəbər verir ki, saat 10:20 radələrində daha bir sakinin cəsədi dağıntılar altından çıxarılıb.

***

10.36. Azərbaycan Prezidentinin köməkçisi Hikmet Hacıyev "Twitter" hesabında yazıb: "Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir".

O bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

***

10.32. Ağdam rayonunun Çəmənli kənd sakini 46 yaşlı Gündüz Hüseynov atılan mərmi nəticəsində həyatını itirib.

***

Raket yaşayış binasına düşüb

Oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan Silahlı Qüvvələri Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raket atəşinə tutub.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Hadisə barədə məlumat yayan Azərbaycan Fövqəladə Hallar Nazirliyi bildirib ki, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb:

“İlkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 33 nəfər və 7 nəfərin cəsədi çıxarılıb”.

Azərbaycan Respublika prokurorluğu bildirir ki, zərərçəkən şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Gəncə

Gəncə

Mənbə: Azərtac

Gəncə

Gəncə

Mənbə: Azərtac

Gəncə

Gəncə

Mənbə: Azərtac

Gəncə

Gəncə

Mənbə: Azərtac

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  11 Oktyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x3f0jr

Ən çox baxılan