Rəsmiyyə Yusubovanın qızı Könül Verdiyeva “Astoriya Tibb Mərkəzi”nin həkimi Nigar Abdullayeva tərəfindən 2013-cü ildə əməliyyat edilib. Qeysəriyyə əməliyyat zamanı həkimin buraxdığı peşə səhvlərinə görə xəstənin uşaqlığı və uşaqlıq boynu götürülüb və o, gənc yaşında ana olmaq hüququndan məhrum edilib.
Əməliyyatdan sonra halı pisləşən Könülü təcili yardımla Qara Qarayev adına 7 saylı Doğum Evinə aparıblar. Doğum evinin həkimləri anasına bildiriblər ki, qızının qadın orqanları pis vəziyyətdədir. Çıxarılmasa həyatını itirə bilər.
“Astoriya Tibb Mərkəzi”nin həkimi Nigar Abdullayeva ilə əlaqə saxladıq. Ancaq o, ölkədə olmadığını dedi. Daha sonra vəkili Mətləb bəylə əlaqə saxlamağımızı istədi. Ancaq bu da mümkün olmadı.
Hadisə ilə bağlı vəkil İradə Cavadova tərəfindən “Astoriya Tibb Mərkəzi” MMC və Nigar Abdullayevaya qarşı mülki qaydada xəstəyə dəymiş maddi və mənəvi zərərə görə Nərimanov Rayon Məhkəməsində iddia qaldırılıb. Nigar Abdullayevanın Cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Yasamal Rayon Prokurorluğuna şikayət edilib. Rəsmiyyə Yusubovanın bundan sonrakı istəyi qızının müalicəsini təmin edə bilməsi üçün tələb edilən kompensasiyanın ödənməsidir.