Birlik sədri adamları aldadaraq külli miqdarda pullarını mənimsəməkdə ittiham olunur
“Gənc Heydərçilər” adlı Gənclər Birliyinin İdarə Heyətinin sədri Nəsimi Qədirov adamları müxtəlif yollarla aldadıb pullarını ələ keçirməyə görə 10 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, o, “Sahil” metrostansiyasının üstündəki binada aylıq kirayəsi 10 min manata ofis götürüb, özü haqqında “pullu, səlahiyyətli adam” görüntüsü yaradıb, insanlara onların marağında olan məsələləri həll edəcəyinə söz verib, onlardan külli miqdarda pul alıb.
Zərərçəkmişlər arasında Bakı şəhər sakinləri Zakir Əsgərov, Hafiz Əliyev, Çimnaz Həsənova, Şahin Məmmədov və başqaları var. Ş.Məmmədov “Qartal” tikinti şirkətinin rəhbəridir. N.Qədirov onu tenderdə qalib gəlməsinə kömək edəcəyinə inandıraraq, 90 min manatını alıb.
Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən N.Qədirov yenidən həmin məhkəməyə ərizə ilə müraciət edib. 2017-ci ilin sonunda qanunvericiliyə edilən dəyişikliklərə əsaslanan “Gənc Heydərçilər”in sabiq sadri işinə yenidən baxılmasını və cəzasının azaldılmasını xahiş edib.
Aprelin 26-da onun ərizəsinə baxılıb və N.Qədirovun cəzası 10 il 6 aya endirilib.
N.Qədirov Gədəbəy rayonundandır. O, 2010-cu ildə bu rayondan deputatlığa namizəd olub, İctimai Televiziyada pulsuz efir imkanından istifadə edib.