Gənc fəalın saxlanıldığı bildirilir

Onun xuliqanlıqda günahlandırıldığı söylənir

Source:
Cəmil Hacıyev foto Abbas Atilay (arxiv)
Cəmil Hacıyev foto Abbas Atilay (arxiv)

Gənc siyasi fəal, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyevin saxlandığı bildirilir. Bu barədə onun dostları “Facebook”-da yazıblar.

Onun Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparıldığı deyilir.

4-cü Polis Bölməsindən Azadlıq Radiosuna C.Hacıyevin bölməyə dəvət edildiyini təsdiqləyiblər. Ətraflı məlumatın sonra veriləcəyi bildiriblər.

Daha sonra C.Hacıyevin dostları onun bölmədən çıxdığını, polis əməkdaşlarının müşayiəti ilə Binəqədi Rayon Məhkəməsinə aparıldığını bildiriblər. Gənc fəalın xuliqanlıqda günahlandırıldığı söylənir.

Cəmil Hacıyev müxalif qüvvələrin düzənlədiyi tədbirlərdə fəallığı ilə seçilir. O, bundan öncə də bir neçə dəfə polisə aparılıb.

C.Hacıyev 2012-2013-cü illərdə müxalifətin Bakı şəhər rəhbərliyi ilə razılaşdırmadan təşkil etdiyi nümayişlərdə iştirak edərkən də saxlanıb. Həmin hadisələrin birində inzibati qaydada cəzalandırılıb. İş üzrə gənc fəalın şikayətinə bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi baxıb.

Məhkəmə C.Hacıyevin hüquqlarının pozulduğu qənaətinə gələrək, hökumətin üzərinə ona 13 620 avro təzminat ödəmək vəzifəsi qoyub.

Ana səhifəXəbərlərGənc fəalın saxlanıldığı bildirilir