Gənc fəalın həbs müddəti 2 ay uzadıldı


Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc fəal Bayram Məmmədovun həbs müddəti 2 ay uzadılıb

Bu barədə sentyabrın 6-da Xətai Rayon Məhkəməsində qərar verilib.

B.Məmmədovun vəkili Elçin Sadıqov bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: “Bu müddət ərzində Bayram Məmmədovla bağlı heç bir istintaq hərəkatı aparılmayıb. Biz bunu məhkəmənin də nəzərinə çatdırdıq. Qərarı əsasız sayırıq. Qərardan apellyasiya şikayəti verəcəyik. Eyni zamanda onun ev dustaqlığına buraxılması ilə də bağlı vəsatət qaldıracağıq”.

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotiklə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Q.İbrahimovun işi isə artıq məhkəməyə göndərilib.

Ana səhifəVideoGənc fəalın həbs müddəti 2 ay uzadıldı