Gənc fəalın həbs edildiyi bildirilir

“Dost adı ilə evdən bayıra çağırıb, həbs ediblər”

Source:
Elnur Fərəcov, foto: sosial şəbəkə
Elnur Fərəcov, foto: sosial şəbəkə


“Dost adı ilə evdən bayıra çağırıb, həbs ediblər”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Neftçala rayon şöbəsinin gənc fəalı Elnur Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham edilir.

Bu barədə AXCP-nin sədr müavini Gözəl Bayramlı “Facebook”da yazıb. Deyir, Elnur Fərəcov ötən il dekabrın 9-u saxlanıb. Bəzi səbəblərə görə, həmin vaxt bu olay ictimaiyyətə açıqlanmayıb:

“O, AXCP-nin Neftçala rayon şöbəsinin Gənclər Komitəsinin fəallarındandır. Əvvəllər də bir neçə dəfə inzibati qaydada müxtəlif müddətə həbs olunub. 2016-cı ilin sentyabr aksiyasından sonra 5 sutka cəza alıb. Sosial şəbəkələrdə kifayət qədər fəal olub. Odur ki, E.Fərəcova qarşı narkotik ittihamı uydurmadır”.

Gözəl Bayramlı deyir ki, E.Fərəcov vəkil problemi ilə də üzləşib: “Təyin olunan vəkil rayona getməkdən imtina edib. Bu günlərdə Nemət Kərimli də prosesə qatılıb. Neftçala Rayon Məhkəməsində vəkilin E.Fərəcovun ev dustaqlığına buraxılması haqda vəsatətinə baxılıb, təmin edilməyib. Bu gün yenidən onun Kürdəxanıya gətirilməsi gözlənilir”.

G.Bayramlı deyir ki, gənc fəal dekabrın 9-da aldadılaraq həbs edilib: “Dost adı ilə evdən bayıra çağırıb, həbs ediblər. Ailələrinə təzyiqlər olduğuna görə internet səhifəsini bağlayıblar. Ona qarşı Cinayət Məcəlləsinin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama) maddəsi ilə ittiham irəli sürülüb”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Neftçala rayon Polis İdarəsi ilə əlaqə saxlayıb. Sahə rəisi Yunus Mustafayev bu barədə məlumatsız olduğunu dedi: “Xəbərim yoxdur, o adamı tanımıram. Məlumatsızam”.

Son günlər AXCP-nin bir neçə fəalı inzibati qaydada həbs edilib. Onlara 20-30 sutka inzibati həbs verilib.

Partiyanın 10-a yaxın fəalı isə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib. Partiya onların şərlənərək siyasi sifarişlə həbs edildiyini bəyan edib. Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi həbslərlə bağlı deyilənləri qəbul etmir. Onların törətdikləri əmələ görə məsuliyyətə cəlb edildiklərini deyirlər.

Ana səhifəXəbərlərGənc fəalın həbs edildiyi bildirilir