Gənc fəalın apelyasiya şikayəti təmin edilməyib

Vəkil: “Məhkəmə təhqiqatı səthi aparılıb”

Source:


Vəkil: “Məhkəmə təhqiqatı səthi aparılıb”

Fevralın 27-də REAL Hərəkatının həbsdəki fəalı Rahim Şaliyevin apelyasiya şikayətinə baxılıb.

Məhkəmə heyəti müdafiə tərəfinin vəsatətlərini təmin etməyib. Vəkil Yalçın İmanov “Azadlıq Radiosu”-na təmin olunmayan vəsatətlərin işin obyektiv araşdırılması baxımından mühüm olduğunu deyib:

“Məhkəmə təhqiqatı səthi aparılıb. Bu da R.Şaliyevin heç bir qanun pozuntusu törətmədiyini deyir. Bundan əlavə, məhkəmədə polis əməkdaşları R.Şaliyevin əleyhinə ziddiyyətli ifadə veriblər”.

Məhkəmədə fəalın bacısı Lalə Şaliyevanın ifadəsi də dinlənilib. O, qardaşının küçədə xuliqanlıq etməsi ilə bağlı polisin versiyasını inkar edib.

“Günorta evə gələrkən polislərin qardaşımın ardınca gəldiyini gördüm. Protokolda isə polislər yazıblar ki, R.Şaliyev saat 12.40-da küçədə “Manas” mağazasının yaxınlığında bərkdən söyüş söyərkən saxlanıb”, – gənc fəalın bacısı məhkəmədə deyib.

Müdafiə tərəfi R.Şalıyevin həbsini və məhkəmənin qərarını əsassız, elementar insan hüquqlarının pozuntusu hesab edir.

R.Şaliyevin işi üzrə yerli məhkəmə qərarlarından Avropa İnsan Hüquqlarına Məhkəməsinə şikayət ediləcək.

R.Şaliyev REAL Hərəkatının Sumqayıt Məclisinin fəalıdır. O, blogerdir və bir neçə yerli xəbər portalı ilə əməkdaşlıq edir.

Fevralın 20-də Sumqayıt şəhər Məhkəməsi Rahim Şaliyevə inzibati qaydada 30 sutka həbs verib. Fəal xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılır.

Ana səhifəXəbərlərGənc fəalın apelyasiya şikayəti təmin edilməyib