“Həbsim mənə maddi və mənəvi ziyan vurdu”
Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan NİDA üzvü Elgiz Qəhrəmanın məhkəməsi başa çatıb.
Meydan TV-nin məlumatına görə, hakim Azad Məcidovun sədrlik etdiyi prosesdə Elgiz Qəhrəman son sözlə çıxış edib. Bildirib ki, hal şahidləri yalan danışırlar:
“Hal şahidləri mən saxlanılan zaman orada olmayıblar. Onları “Bandotdel”də görmüşəm. Əynimdə şortik olub, lakin deyirlər, şalvar olub. Evimizi düzgün təsvir etməyiblər. Gəldikləri ünvanı düzgün təsvir edə bilmirlər. Təkcə ayaqqabımın rəngin düz deyiblər. Tibbi ekspertizanın rəyi ilə razı deyiləm. Onlar xəsarət izlərini düzgün yazmadılar. Dedim, qasığ hissəmə vurublar. Dedilər ki, cinsi orqanın işləyirsə, problem yoxdur. Deyirlər ki, həbs-qətimkan tədbirindən verilən apelyasiya şikayəti üzrə keçirilən məhkəmədə iştirakdan imtina etmişəm. Məhkəmədən imtina iki halda olur; ya residivist olursan, ya da günahsız. Mən ikincidənəm, lakin məhkəmədə iştirakıma imkan verilməyib. Məndə narkotik olmayıb. Deyirlər, güya yerdən narkotik tapmışam. Bura Kolumbiya deyil ki, yerdən narkotik tapam. Maddə qoyublar ki, güya satmaq məqsədim olub. Elədirsə, neçə gün məni izləyirdilər, niyə satanda tutmayıblar? Mən məntiq müəllimiyəm. Necə ki, bir narkoman məntiq müəllimi ola bilməz. Elə də bir müəllim narkotik alverçisi ola bilməz. Məni tutanda “Facebook” hesabımı aldılar, paylaşımlarıma baxdılar. Məndən soruşdular: “Türkiyədə oxumusan, Allaha inanırsan?” Mən də “hə” dedim. Burdan o qənaətə gəldilər ki, mən fətullahçıyam. Güya Türkiyədə olanda Fətullah Gülənlə görüşə cəhd etmişəm. Oxuduğum universitet solçu universitet olub. Orada heç onun şəklinə də rast gəlmək olmaz. Sonradan gördülər bu ittihamlar əsassızdı, narkotik ittihamı verdilər. Mən Türkiyədə diaspor işləri ilə məşğul olmuşam. Məni “Facebook”da yazdığım dörd söz, on dörd hərfdən ibarət ifadəyə görə həbs ediblər. Buna görə mənə ağır cəza istənilib. Mən polisdən soruşdum ki, niyə həbs ediblər. Dedilər: “Günahın yoxdu, amma təhlükəli adamsan”. Həbsim mənə maddi və mənəvi ziyan vurdu. Bütün planlarım alt-üst oldu. Həbsimi siyasi sifariş hesab edirəm. Bəraət verilməsini istəyirəm”.
Daha sonra hökm elan edilib. Hökmə əsasən, Elgiz Qəhrəman 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elgiz Qəhrəman avqustun 12-də saxlanıb və həmin gün barəsində CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs qətimkan tədbiri seçilib. NİDA Vətəndaş Hərəkatı Elgiz Qəhrəmanın siyasi motivlərlə həbs olunduğunu bəyan edib.