Gənc fəal yenə 30 sutka cəza aldı

Gənc fəal Rəfael Hüseynzadə fevralın 28-də saxlanılıb

Source: meydan.tv

Atası: ''Rəfael Hüseynovun hansı səbəbdən cəza aldığını bilmirəm''

Gənc fəal Rəfael Hüseynzadə fevralın 28-də saxlanılıb. Bu barədə onun atası Füzuli Hüseynov Meydan TV-yə məlumat verib.

Füzuli Hüseynov bildirib ki, 2 gün əvvəl, fevralın 28-də Mehdiabad qəsəbəsinin polis bölməsinin 3 əməliyyatçısı onların evinə gələrək oğlu Rəfael Hüseynzadəni soruşublar:

“Onlar özlərini təqdim etməyiblər, amma Rəfaelin evdə olmadığını söyləyəndən sonra gediblər. Oğlum evə gəlib, polislərin onu axtardığını söylədim, həyətə düşdü. Elə bildim ki, bölməyə gedib. Ancaq bu gün Mehdiabad qəsəbəsinin polis bölməsinə gedəndə məlum oldu ki, oğlumu əməliyyatçılar həyətdən aparıblar”.

Bölmədə F.Hüseynova oğlunun harda saxlanılması və neçə sutka inzibati cəza alması barədə məlumat verməyiblər.

F.Hüseynov sonra Abşeron Polis İdarəsinə gedib:

“İdarədə mənə oğlumun 30 sutka inzibati cəza aldığını söylədilər, ancaq hansı səbəbdən və hansı maddə ilə ittiham olunması barədə sualıma cavab vermədilər. Mən özüm Abşeron Rayon Polis İdarəsinin saxlanma kamerasında cəza çəkmişəm, antisanitariya, qidaları bərbad, içəridə siqaret çəkirlər, Rəfael isə siqaret çəkmir. Bütün bunlar ona işgəncədir. Müvafiq orqanlardan oğlumu Binəqədi Polis İdarəsinin Müvəqqəti Saxlanılma Kamerasına köçürməsini xahiş edirəm”.


Rəfael Hüseynov

yanvarın 24-də Neft Akademiyası qarşısında təkbaşına aksiya keçirdiyi üçün 30 sutka azadlıqdan məhrum edilmişdi.

Ana səhifəXəbərlərGənc fəal yenə 30 sutka cəza aldı