Gənc fəal polis idarəsinə çağırılıb

“Məncə, “Facebook”-dakı statuslarıma görə çağırıblar”

Source:
Elvin Abdullayev
Elvin Abdullayev


“Məncə, “Facebook”-dakı statuslarıma görə çağırıblar”

Keçmiş məhbus Elvin Abdullazadə Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu haqda özü məlumat yayıb. Bildirib ki, çağırışın səbəbi ilə bağlı ona dəqiq bilgi verilməyib. Ancaq o, çağırılmasının səbəbinin sosial şəbəkələrdə fəallığı ilə bağlı olduğunu düşünür.

“Məncə, “Facebook”-dakı statuslarıma görə çağırıblar. Mayın 10-da belə statuslarım olub. Qiyas İbrahimov və Bayram Məmmədov barəsində yazmışam. Başqa səbəb çətin olsun”, – deyə Elvin Abdullazadə bildirib.

E.Abdullazadə mayın 15-də Bakı şəhər Baş Polis İdarəsində olmalıdır.

Gəncin çağırılma səbəbinə, hələlik, Bakı şəhər Baş Polis İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Elvin Abdullazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü ikən, 2015-ci il yanvarın 8-də saxlanılmışdı.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunmuş, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası almışdı.

Gənc cəbhəçi məhkəmədə ittihamı qəbul etmir və həbsini siyasi sifariş sayırdı. Onun şikayətinə Ali Məhkəmə instansiyanda baxılanda ittiham olunduğu maddə dəyişdirilmiş, CM-nin 234.1-ci (şəxsi məqsədlə narkotik istifadəsi) maddəsinə tövsif olunmuşdu.

Gənc cəbhəçinin cəza müddəti də 6 ildən 2 il 6 aya endirilmişdi.

E.Abdullazadə ölkə başçısının “Novruz” bayramında imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb. O, həbsdən çıxdıqdan sonra AXCP-ni tərk edərək Müsavat Partiyasına üzv qəbul olunub.

Ana səhifəXəbərlərGənc fəal polis idarəsinə çağırılıb