Gənc fəal paylaşdığı videodan sonra saxlanılıb

Sosial şəbəkələrdə “Umar Ali” adıyla tanınan E.İrşadovun yaxınlarına onu da bildiriblər ki, mayın 19-da günorta saatlarında o, məhkəmə qarşısına çıxarılacaq.

Source: Meydan TV


Bacısı: “Deyirlər ki, müxalifətçidir, nəsə yazıb şəbəkələrdə”

“Facebook” hesabından paylaşdığı “Talış, yoxsa Lənkəran xanlığı?” adlı videodan sonra sosial şəbəkələrdə daha çox tanınan 30 yaşlı Elvin İrşadov saxlanılıb. Bu barədə Meydan TV-yə danışan bacısı Aynur İrşadova bildirib ki, qardaşı mayın 18-də günorta saatlarında 190 manatlıq ödəməni almaq istərkən “Kapitalbank”ın qarşısında saxlanılıb:

“Növbədə gözləyəndə polislər onu tutub aparıblar şöbəyə. Biz onun saxlanmasından axşam saat 9 radələrində xəbər tutduq. Deyirlər ki, müxalifətçidir, nəsə yazıb şəbəkələrdə. Onu həbs eləmək üçün şərləyirlər, guya polisləri yumruqla vurub, kəllə atıb. Gəlmişik polis şöbəsinə, burada bizdən onun telefonunu istəyirlər. Deyirlər, “telefonu versəniz, buraxılacaq”. Bilmirik ki, onun telefonunu neynirlər…”

Sosial şəbəkələrdə “Umar Ali” adıyla tanınan E.İrşadovun yaxınlarına onu da bildiriblər ki, mayın 19-da günorta saatlarında o, məhkəmə qarşısına çıxarılacaq.

“Bizə deyirlər ki, onu iki maddə ilə günahlandırırlar. Amma bilmirik nə maddələrdir”, – deyə A.İrşadova bildirib.

Bacısı onu da qeyd edib ki, E.İrşadov bundan öncə də sosial şəbəkələrdə polis haqqında tənqidi paylaşımına görə təzyiqə məruz qalıb. Onun sözlərinə görə, Elvinin yaxınlarına da xəbərdarlıq edib, tənqidlərə son qoymasa, onun həbs ediləcəyini deyiblər.

“Umar Ali” profilinin sahibi E.İrşadovun “Facebook”da paylaşdığı “Talış, yoxsa Lənkəran xanlığı?” adlı videoda 1995-ci ildə nəşr edilmiş tarix dərsliyindən nümunələr gətirib və Talış xanlığının adının müasir dərsliklərdə silindiyini bildirib.

O, həmçinin ölkədə insanların sosial-iqtisadi durumuna, məmur özbaşınalığına görə tənqidi materiallar da paylaşıb.

Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəSiyasətGənc fəal paylaşdığı videodan sonra saxlanılıb