İttihama görə, qadının ölümünə səbəbkar qayını oğludur
ARB telekanalında yayımlanan “Səni axtarıram” verilişində qayınanasını itələyərək, ehtiyatsızlıqdan onun ölümünə səbəb olduğunu etiraf edən Əfqanə Cəfərova ilə bağlı Baş Prokurorluq istintaqın ilkin nəticəsini açıqlayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda deyilir ki, Əfsanə Cəfərovanın qayınanası, 60 yaşlı Fəxrəndə İbrahimovanın ölümünə görə Yevlax rayonunun Bəydilli kənd sakini Seymur Cəfərov həbs edilib.
30 yaşlı Seymur Cəfərov Əfsanənin həyat yoldaşının əmisi oğludur. Hadisə 2020-ci il fevralın 23-də baş verib.
Cinayət işinin materiallarında iddia olunur ki, 1992-ci il təvəllüdlü Seymur Cəfərovun əmisi oğlunun həyat yoldaşıyla yaxın münasibətləri olub. O, fevralın 22-də gecə saat 1 radələrində Ağcabədidə – əmisi oğlugilin evində olub. Həmin vaxt Əfsanə Cəfərova ilə münasibətlərinin üzə çıxmaması üçün bundan xəbərdar olan Fəxrəndə Cəfərovanı öldürmək qərarına gəlib.
İddiaya görə, 1962-ci il təvəllüdlü Fəxrəndə Cəfərova hadisə zamanı çarpayıda uzanıqlı vəziyyətdə olub. Yastığı onun ağzına sıxaraq boğub.
Seymur Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. Fevralın 8-də onun barəsində məhkəmənin qərarıyla həbs-qətimkan tədbiri seçilib.
Seymur Cəfərovun özünü təqsirli bilib-bilmədiyi məlum deyil.
Əfsanə Cəfərova “Səni axtarıram” proqramında ərinin əmisi oğlu ilə aralarında münasibətlər haqqında söz-söhbətlər yayıldığını, lakin bunların əsassız şayiə olduğunu bildirmişdi.
O, həmçinin demişdi ki, qayınanasının ölümünün məsuliyyətini öz üzərinə götürür. Lakin bu cümlənin arxasında hansı mənanın dayandığını açıqlamamışdı.