Qazaxıstan nümunəsi
Kimi deyir dünya beş günlükdür, kimi deyir Günəş sistemi azı hələ 4 milyard il yaşayacaq, kimi qiyamət gününə şıdırğı hazırlaşır, kimi yorulmadan-dayanmadan mal və mülk toplayır və heç kimə və heç nəyə inanmır.
Yanvarın 13-də Qazaxıstanın Milli Məclisi yekdilliklə “Qazaxıstan Respublikasının birinci prezidenti -Yelbası – haqqında Konstitusiya qanunu”nu iki oxunuşda qüvvədən saldı, yəni ləğv etdi.
Bu həmin Milli Məclisdir ki, onun üzvlərini Nursultan Nazarbayev şəxsən özü bir-bir seçmişdi və özü 2020-ci il seçki şəbədəsində onlardan deputat qayırmışdı.
Bu qərar keçən ilin yanvar ayında Qazaxıstanı bürümüş iğtişaşların məntiqi nəticəsi sayıla bilər. İğtişaşları Nazarbayevin yaxınları törətmişdi və məqsədləri Qasım Comərd Tokayevə həddini göstərmək idi. Alınmadı. Fəaliyyətdə olan prezident təqaüdə çıxmış prezidentin tərəfdarlarını üstələdi və hakimiyyətini möhkəmləndirdi.
İndi isə hakimiyyətinin möhkəmləndirilməsi əməliyyatını “Jana Qazaxıstan”, yəni “Yeni Qazaxıstan” adı ilə davam edir.
Azərbaycan əhalisi bu “Yeni” söhbətini yaxşı bilir. Bizdə də Azərbaycan Kommunist Partiyasını doğrayıb ulduz qayırandan sonra bir dənə qəşəng Yeni Azərbaycan Partiyası yapdılar və nəticədə həmin AKP-dən betər bir qurum peyda oldu.
Heç bir şübhə yoxdur ki, Jana Qazaxıstan köhnə Qazaxıstanın tayı olacaq, çünki nə insan, nə də xalq özü-özündən heç yana qaça bilməz. Yeganə fərq Nursultan Nazarbayevin yerində Qasım Comərd Tokayevin əyləşməsi olacaq.
Nursultan Əbiş oğlu Nazarbayevin qazax xalqı qarşısında danılmaz xidmətləri var. Məhz onun hakimiyyət bacarığı və təcrübəsi keçid dövründə vurub-dağıtmaq eşqi ilə qovrulan qaragüruhu cilovlamağa və respublikanı etnik, sinfi və ərazi münaqişələrindən qorumağa imkan verdi. Onun xarici siyasətdə gerçəkçi mövqeyi Rusiyanın şovinist dairələrini tərksilah etdi və Qazaxıstan təhlükəli keçid dövrünü itkilərsiz keçə bildi.
Lakin… Nursultan əkə əksər müstəbidlərin mübtəla olduğu tamah azarından öz insan saflığını və ləyaqətini qoruya bilmədi. Sovet Moskvasının nəzarətindən qurtulan kimi nəfsi ona qalib gəldi və girişdi əziz və doğma vətəninin sərvətlərini talamağa, sevimli xalqının cibinə girməyə.. Elə girdi ki, qazax zəhmətkeşləri oldu lüt-üryan, Nursultan, qohumları və naib-nökəri oldular milyarder.
Ac-yalavac qazaxlar bir neçə dəfə etiraz nümayişinə qalxdılar, lakin Nursultan sübut etdi ki, sevimli hakimiyyətini nə yadellilərə, nə də doğma xalqına verməyə razı deyil. Əhali etirazlarını amansızlıqla yatırdı, nümayişçiləri gülləbaran etdi, zindanlara atdı.
Konstitusiyanı dəfələrlə dəyişdi, səlahiyyətlərini genişləndirdi, ərtafını bir deyil, beş deyil, on dəfə saf-çürük etdi, qazax xalqının içindən ən çox etibar etdiyi əliəyri, əqidəsiz adamları yığıb qazax hakim sinfini təşkil etdi.
Oğlu yox idi, üç qızı var idi, oğul əvəzi saydığı böyük kürəkən Rahat Əliyev naxələf çıxdı. Onu Avstriyada tutdurdu və Rahat Avstriya məhbəsində rahatca ömrünü bağışladı əzizlərinə.
Tək yemirdi, bütün qohum-əqrəbası girişmişdi Qazaxıstanın sərvətlərinə – qardaşı, qardaş oğulları, uzaq və yaxın əkələr, hamısı yeyirdi.
Vaxtaşırı hansısa milyarder ölkədən əkilib özünü müxalifət elan edirdi, gözü düşürdü Nursultanın şir payına, lakin dübarə dövlətin sıx səfini yarıb dövlətin cəmdəyinə girişə bilmirdi.
Hakim sinfin içinə bir dəfə girib sonra ümumi sinif mənafeyinə qarşı çıxanlarla rəftar çox sərt idi, neçəsi üstü açılmamış qətlin qurbanı, neçəsi cəlai-vətən oldu.
Nursultan Nazarbayevin hakimiyyəti çox mətin və sabit görünürdü. Lakin ən qüdrətli insan belə zaman qarşısında acizdir. Nursultan əkə qocaldı, sınıxdı, nəhayət, öz yerini sınaqdan çıxmış, sədaqətini dəfələrlə sübut etmiş diplomat Tokayevə verdi.
Hər ehtimala qarşı Təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsini əlində saxladı. Elbası haqqında qanunla özünün və ailə üzvlərinin toxunulmazlığını təmin etdi. MDB dövlət başçılarının zirvə görüşlərinə peşəkar diplomat Tokayevi tək buraxmadı, özü də onun yanına düşüb sammitlərə qatıldı.
Yanvar iğtişaşlarında Nazarbayev tərəfdarları basılandan sonra Tokayev girişdi qohumlara və ən yaxın silahdaşlara, bir-bir onları dənləməyə başladı. Eyni zamanda dünənki sadiq nursultançılar çox böyük həvəslə tokayevçi olmağa hazır olduqlarını nümayiş etdirdilər.
Bu il keçən ilə nisbətən büdcəyə əlavə beş milyard dörd yüz milyon dollar daxil oldu. Bu sadə rəqəmlərin adi insan dilinə tərcüməsi deyir ki, bu beş milyard dörd yüz milyon dolları hər il şəxsən Nursultan və onun yaxınları qazax xalqından oğurlayırmış. Beş milyard yarımı otuz ilə vursanız bilərsiniz ki, möhtərəm Nursultan əkə və onun ən yaxın qohumları müstəqillik illərində qazax xalqından azı yüz yetmiş beş milyard dollar oğurlayıblar.
Digər qazax məmurları nə qədər oğurlayıb, hələ bilinmir. Digər oğrularla məşğul olmağa macal yoxdur.
Möhtərəm oxucu, indi anlayırsanmı, bütün MDB ölkələrində hakim siniflər nə səbəbdən alovlu istiqlalçıdırlar?
Ulu öndər demişkən, “Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir”!
Əlbəttə. Biz heç Avropa Birliyinə də can atmırıq. Qoy ora kasıb Gürcüstan və yetim Ermənistan can atsın.
Bizim isə, Əli Həsənov demişkən, “pulumuz var”.
Kimdəsə var, kimdəsə yox, kimdəsə az, kimdəsə çox.
Bu sadə, lakin anlayan üçün dərin mənalı yazımı sevdiyim təşbih ilə qurtarmaq istəyirəm.
“Şir görəndə insanın ürəyindən nə keçir? Qaçıb gizlənmək. Ulaq görəndə insanın ürəyindən nə keçir?”
Nə keçdiyini yazmıram, mən yazmasam da, özünüz bilirsiniz.
Oxucularıma bir çağırışım var. Elə bilirsiniz “şir olun” deyəcəyəm?
Yanılırsınız.
Cəsur insan və şüurlu vətəndaş olun.