Gələn ilin büdcəsinin 778,7 milyon kəsirlə icra olunacağı proqnozlaşdırılır

Deputat: “Əhalidən yüzlərlə məktub alırıq, insanlar şikayət edir”

Source:
Vahid Əhmədov
Vahid Əhmədov


Deputat: “Əhalidən yüzlərlə məktub alırıq, insanlar şikayət edir”

“Manatın məzənnəsinin qorunub saxlanması müsbətdir. Bu, ixrac üçün müəyyən potensial yaradır. Əhalinin bank sisteminə inamı artmalıdır. Ancaq təəssüf ki, artmır. Keçən ilin birinci yarısında 7,8 milyard manat əmanət var idisə, bu ilin 6 ayında bu göstərici 6,9 milyard manata enib”.

Noyabrın 7-də Milli Məclisdə Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı deputat Vahid Əhmədov belə deyib. O, bank sistemindəki problemlərin hələ də tam həll olunmadığına diqqət çəkib. Pul-kredit siyasəti ilə bağlı məsələlərin ciddi olduğunu söyləyib:

“Manatın məzənnəsinin qorunub saxlanmasının iki tərəfi var. Birincisi, bu, müəyyən qədər pul kütləsinin qarşısını almaqla həyata keçirilir. Əgər 2015-ci ildə dövriyyədə təxminən 12 milyard manat var idisə, hazırda bu, 8 milyarddır. Dövriyyədə pul kütləsinin azalması real sektorun inkişafına təsir edir. Ona görə biz 2017-ci ildə real sektorun inkişafında artım gözləmirik. Elə etmək lazımdır ki, 2018-ci ildə real sektorda inkişafa nail olaq. Dövlət ötən 10 il ərzində çox işlər görüb. Bütün rayon və şəhərlərdə infrastruktur layihələr həyata keçirilib. İndi əhali, biznes və banklar da işləməlidir. Yəni banklar əhali ilə çox ciddi məsələləri həll etməlidir. Təəssüflər olsun ki, bank sistemində biz sağlamlaşdırma prosesini görmürük. Bank sisteminin kapitallaşması, likvidlik kimi məsələlər öz həllini tapmayıb”.

Niyə əhali əmanətlərini ala bilmir?

Vahid Əhmədov Hesablama Palatasına müraciət edərək Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətini yoxlamalarını xahiş edib.

““Bank Standard” bağlananda böyük problemlər yarandı. 43 minə yaxın insan 157 milyon manat vəsaitini ala bilmir. Bu il dövlət büdcəsindən Əmanətlərin Sığortalanması Fonduna 500 milyon manat vəsait ayırdıq.

Hesablama Palatasından xahiş edirəm ki, bu vəsaitin necə xərclənməsini yoxlasın. Əmanətlərin Sığortalanması Fondu 500 milyon manat vəsait alıbsa, niyə əhali əmanətlərini ala bilmir. Biz əhalidən yüzlərlə məktub alırıq, insanlar şikayət edir. Bank sisteminin sağlamlaşdırması çox ciddi məsələdir”, – deyə o vurğulayıb.

Dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat ayrılır

Müzakirələrdəki təkliflərə münasibət bildirən maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsi layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8 faiz çoxdur.

Nazirin sözlərinə görə, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur:

“Bu, 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8 faiz çoxdur. Artımın 72 faizi (442 mln. manat) Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı öhdəliklərin icrasına yönəldilmiş xərclərdir.

Növbəti ilin büdcəsi

Növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır.

Mərkəzləşdirilmiş gəlirlər 19 mlrd. 476,329 mln. manat, yerli gəlirlər 650,671 mln. manat, mərkəzləşdirilmiş xərclər 20 mlrd. 181,608 mln. manat, yerli xərclər 724,092 mln. manat məbləğində gözlənilir.

Növbəti il ARDNF-dən büdcəyə 9,216 mlrd. manatın transferti nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm 7,5 mlrd. manat və ya 1,716 mlrd. manat az olub.

Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23223,2 mln. manat və ya əvvəlki ilə nisbətən 246 mln. manat (1,1 faiz) çox, xərcləri 26674,1 mln. manat və ya əvvəlki ilə nisbətən 3895,4 mln. manat (12,7 faiz) az nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 36,3 faizi və ya 1 mlrd. 300 mln. manatı dövlət büdcəsindən birbaşa transfer, 63,7 faizi və ya 2 mlrd. 278,8 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına örtüləcək.

İcmal Büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun 2018-ci il üçün büdcəsinin gəlirləri 10 mlrd. 676,4 mln. manat nəzərdə tutulur. Bu da 2017-ci illə müqayisədə 137,5 mln. manat və ya 1,3 faiz azdır. Qeyd olunan məbləğin 9 mlrd. 723,8 mln. manatı və ya 91,1 faizi mənfəət neftinin və qazın satışından daxilolmalar təşkil edir. ARDNF-nin 2018-ci il üçün büdcəsinin xərcləri 11 mlrd. 986,5 mln. manat təşkil edəcək. Bu da 2017-ci illə müqayisədə 3 mlrd. 223,9 mln. manat və ya 21,2 faiz azdır.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 355,3 mln. manat proqnozlaşdırılır. Bu isə 2017-ci illə müqayisədə 4,8 mln. manat və ya 1,3 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan dotasiyanın məbləği 281,9 mln. manat olmaqla əvvəlki ilə nisbətən 3 mln. manat və ya 1,1 faiz çoxdur.

2018-ci ilin icmal büdcəsinin kəsiri 3 mlrd. 450,9 mln. manat (2017-ci illə müqayisədə 4 mlrd 141,4 mln. manat və ya 54,5 faiz az) və ya nəzərdə tutulan ÜDM-in 5 faizi (2017-ci illə müqayisədə 6,2 faiz bənd az) səviyyəsindədir.

ARDNF-nin gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 14 mlrd. 127,3 mln. manat (2017-ci illə müqayisədə 4 mlrd. 278,9 mln. manat və ya 23,2 faiz az) və ya nəzərdə tutulan ÜDM-in 20,4 faizi həcmində olacaq. Bu da 2017-ci illə müqayisədə 6,6 faiz azdır.

Ana səhifəXəbərlərGələn ilin büdcəsinin 778,7 milyon kəsirlə icra olunacağı proqnozlaşdırılır