Nazir: Yaşayış minimumu 14 faiz və ya 19 manat artırılır
2017-ci il üçün yaşayış minimumu 14 faiz və ya 19 manat artırılır. APA yazır ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
“2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.
Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7 faiz və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2 faiz və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8 faiz və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.
Bu il üçün yaşayış minimumu 136 manatdır.
Samir Şərifov gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılacağını da deyib:
“Ehtiyac meyarı10,5 faiz və ya 11 manat artırılaraq 116 manata çatdırıla bilər”.
Bununla bağlı “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə dəyişiklik Milli Məclisə daxil olub.